ƏDALƏT PRİNSİPİNİN TƏMİN EDİLMƏSİ ÜÇÜN GƏNCLƏRİN TƏHSİLİNƏ XÜSUSİ DİQQƏT YETİRİLMƏLİDİR
AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa Ədalətli Oyunlar Hərəkatının prezidenti Karlos Qonsalves iyunun 13-də Milli Olimpiya Komitəsində (MOK) olarkən demişdir. MOK-un vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Hərəkatının sədri Xəzər İsayev qonaqları salamlayaraq, ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışmışdır.
X.İsayev bildirilmişdir ki, 1994-cü ildən fəaliyyət göstərən hərəkatın məqsədi idmanda zorakılığa, ədalətsizliyə, dini və irqi ayrı-seçkiliyə yol verməmək, yarış qaydalarını pozanları ciddi cəzalandırmaqdır. Ədalətli oyun (Fair play) prinsiplərinin təbliği istiqamətində ölkəmizdə ardıcıl işlər görülməkdədir.
MOK-un nəzdində yaradılmış Azərbaycan Ədalətli Oyunlar Hərəkatı ölkəmizdə bədən tərbiyəsi və idman sahəsində, eləcə də bütün cəmiyyətdə ədalət prinsiplərini dəstəkləyən, respublikada idman ictimaiyyətinin maraqlarını müdafiə edən bir hərəkat kimi fəaliyyət göstərir.
Tədbirdə çıxış edən Avropa Ədalətli Oyunlar Hərəkatının vitse-prezidenti Ərdoğan Arıpınar qardaş və dost ölkədə olmaqdan məmnun qaldığını bildirmişdir. Demişdir ki, 2009-cu ilin oktyabrında Bakıda 41 ölkəni təmsil edəcək nümayəndələrin iştirakı ilə Hərəkatın Baş Assambleyasının və Konqresinin keçirilməsinə çox sevinirəm.
Hərəkatın prezidenti Karlos Qonsalves “Olimpiya dəyərləri və gənclərin idman təhsili” mövzusunda mühazirə oxumuşdur.
Natiq demişdir ki, hərəkatın əsas məqsədi idmanda və cəmiyyətdə ədalət və etik prinsiplərin qorunmasına nail olmaqdır. 1994-cü ildə İsveçrədə 14 dövlətin iştirakı ilə yaradılmışdır. Hazırda 41 üzvu vardır. Azərbaycan quruma 1995-ci ildə üzv qəbul edilmişdir.
Qonaq vurğulamışdır ki, ədalətli oyun prinsipləri təkcə idmanda deyil, həyatımızın bütün sahələrində gözlənilməlidir. Biz bu prinsipin qorunması üçün hamılıqla mübarizə aparmalıyıq. Ədalət prinsipinin təmin edilməsi üçün gənclərin təhsilinə xüsusi diqqət yetirilməlidir.
Bildirilmişdir ki, hərəkat hər il ədalət prinsipinə hörmətlə yanaşan idmançıları mükafatlandırır. Bu cəmiyyətdə hərəkatın nüfuzunun artmasına və idmançıların daha da ədalətli oyun nümayiş etdirməsinə təkan verir.
######
