MƏDƏNİYYƏT
Əddis-Əbəbədə Azərbaycanın milli mətbəx günləri keçirilir
Əddis-Əbəbə, 18 oktyabr, AZƏRTAC
Afrika İttifaqına ev sahibliyi edən və Afrika qitəsinin siyasi paytaxtı hesab olunan Efiopiyanın Əddis-Əbəbə şəhərində ilk dəfə olaraq Azərbaycanın milli mətbəx günləri keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın dövlət müstəqilliyi gününə və Azərbaycan ilə Efiopiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illik yubileyinə həsr olunub.
Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev, tədbirin keçirildiyi “Radisson Blu” mehmanxanasının baş direktoru Hans Peter və Azərbaycandan gələn kulinar İmran Alıyev mətbuat konfransı çərçivəsində Azərbaycan və onun tarixi, adət-ənənələri, mətbəxi haqqında jurnalistlərin çoxsaylı suallarını cavablandırıblar.
Mətbuat konfransından sonra tədbirin açılış mərasimində çıxış edən səfir Elman Abdullayev ölkəmizin qədim tarixi və mədəniyyəti barədə ətraflı məlumat verərək, mətbəx günlərinin iki ölkə arasında qarşılıqlı mədəni əməkdaşlığın inkişafı, xalqların bir-birini daha yaxından tanımasına xidmət etdiyini vurğulayıb. Səfir mədəniyyətlərin və sivilizasiyaların kəsişməsində yerləşən Azərbaycanın tarixən formalaşan zəngin milli mətbəxinin öz təkrarolunmaz müxtəlifliyi ilə seçildiyini qeyd edib.
“Radisson Blu” mehmanxanasının baş direktoru ilk dəfə Azərbaycan milli mətbəx günlərinin məhz bu mehmanxanada təşkil edildiyinə görə şərəf duyduğunu qeyd edərək, bunun mehmanxananın qonaqlarına Azərbaycanın milli mətbəxinin tarixi, fəlsəfəsi və əsasları barədə geniş məlumat əldə etmək imkanı yaradacağını vurğulayıb.
Tədbirdə Əddis-Əbəbədə akkreditə olunmuş səfirlər, Afrika İttifaqının nümayəndələri, Efiopiya rəsmiləri, yerli media nümayəndələri və Azərbaycanın ali təhsil müəssisələrini bitirmiş efiopiyalı məzunlar iştirak ediblər. Qonaqlara Azərbaycanın süfrə mədəniyyəti, xalqımızın qonaqpərvərliyi və ənənələri barədə videoçarxlar nümayiş etdirilib. Tədbir Efiopiyanın yerli mətbuatı tərəfindən geniş işıqlandırılır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əddis-Əbəbə