SİYASƏT
Əddis-Əbəbənin meri: Bakının təcrübəsinin öyrənilməsində maraqlıyıq

Əddis-Əbəbə, 7 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri Elman Abdullayev Əddis-Əbəbə şəhərinin meri Deriba Kuma ilə görüşüb .
Görüşdə E.Abdullayev ölkəmizin paytaxtı Bakı şəhərinin dünyanın ən gözəl şəhərlərindən biri olduğunu, bir çox mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini və xarici turistlərin sevimli məkanlarından birinə çevrildiyini vurğulayıb. Bakıda bir çox abadlıq işlərinin aparıldığını qeyd edən səfir şəhərin memarlıq və yaşıllaşdırma sahələrində, o cümlədən nəqliyyat sistemində beynəlxalq standartlara uyğun texnologiyalardan istifadə olunduğunu merin diqqətinə çatdırıb. O, Azərbaycanın öz zəngin təcrübəsini dünyanın bir çox ölkələri, o cümlədən Efiopiya ilə bölüşməyə hazır olduğunu bildirib.
Əddis-Əbəbə şəhərinin meri Deriba Kuma Azərbaycanın sürətlə inkişaf etdiyini yüksək qiymətləndirərək ölkəmizin, xüsusilə Bakının təcrübəsinin öyrənilməsində maraqlı olduqlarını vurğulayıb.
Görüş zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əddis-Əbəbə