“Ədəbi proses” elmi-yaradıcılıq müşavirəsinin 10 illik yubileyinə həsr olunmuş tədbir
Bakı, 21 iyul, AZƏRTAC
İyulun 21-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkil etdiyi “Ədəbi proses” elmi-yaradıcılıq müşavirəsinin 10 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə ötən 10 il ərzində “Ədəbi proses” elmi-yaradıcılıq müşavirəsi çərçivəsində Ədəbiyyat İnstitutunda işıq üzü görmüş əsərlərdən ibarət sərgiyə baxış keçirilib.
Tədbiri açan AMEA-nın prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli bildirib ki, XX əsrin 70-ci illərinin sonlarında və 80-ci illərin əvvəllərində Ədəbiyyat İnstitutunda görkəmli ədəbiyyatşünas alim Yaşar Qarayevin təşəbbüsü ilə ilk dəfə “Ədəbi proses” müşavirələri keçirilib və materialları çap olunub. Sonuncu dəfə “Ədəbi proses” elmi-yaradıcılıq müşavirəsi 1984-cü ildə keçirilib. Otuz il sonra, müstəqillik dövrünün açdığı geniş imkanlar sayəsində sözügedən müşavirə Ədəbiyyat İnstitutunda bərpa edilib. Sovet dövründə keçirilən müşavirələrdən fərqli olaraq, müstəqillik dövrünün elmi, mədəni, ictimai fikir sahəsində yaratdığı yeniliklər ədəbi mühitin daha geniş şəkildə prosesə cəlb edilməsinə imkan yaradıb.
İsa Həbibbəyli qeyd edib ki, “Ədəbi proses” yaradıcılıq müşavirəsi hər il özündən əvvəlki ilin ədəbi prosesini janrlar üzrə təhlil edir və orada gedən dinamikanı, problemləri, çatışmazlıqları göstərməyə çalışır, alimlərimiz çıxış yolları haqqında öz təklif və tövsiyələrini irəli sürürlər. 2014-cü ildə bu prosesə yenidən başlayanda poeziya, nəsr, dramaturgiya, tənqid və publisistika ilə yanaşı, ədəbi əlaqələr haqqında da müzakirələr aparılıb. Məsələn, Qərb, Şərq, Türk dünyası ədəbi əlaqələri üzrə ayrıca məruzələr dinlənilib və təhlil edilib. Hər janr üzrə dinlənilən məruzə konkret janrın təkamülünü, inkişaf dialektikasını, mövcud imkanlarını, nöqsanlarını və perspektivini göstərməyə imkan verib. Bütün bunlar ədəbi prosesin xeyrinə olan, onu daha dərindən, daha konkret, daha fərqli şəkildə öyrənmək üçün böyük əhəmiyyətə malikdir.
Ötən 10 il ərzində keçirilən yaradıcılıq müşavirələrinin kitablarda, toplularda, eləcə də məqalələr şəklində ictimaiyyətə təqdim olunduğunu deyən AMEA rəhbəri bildirib ki, həmin məruzələr M.F.Axundzadənin dövründən bu günə qədər Azərbaycanda geniş həcmə malik olan ən elmi-nəzəri şəkildə yazılmış mükəmməl tənqid icmallarıdır.
Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar diqqətə çatdırıb ki, bədii yaradıcılıq - poeziya, nəsr, dramaturgiya və onların təhlili, tənqidi, araşdırılması ədəbiyyatın iki qanadıdır və bu iki qanad olmasa, ədəbiyyat quşu fəzaya qalxa bilməz, normal ədəbi proses gedə bilməz.
Daim ədəbiyyatşünaslıq elmi ilə Azərbaycan Yazıçılar Birliyinin sıx əlaqələrinin olduğunu, akademik İsa Həbibbəylinin AMEA-ya rəhbərlik etməsindən sonra bu münasibətlərin daha da genişləndiyini deyən Anar “Ədəbi proses” müşavirəsinin yubiley tədbirinin AYB-də keçirilməsi münasibətilə akademiyanın prezidentinə minnətdarlığını bildirib. Həmçinin “Ədəbi proses” çərçivəsində Ədəbiyyat İnstitutunda işıq üzü görmüş əsərlərin AYB kitabxanasına hədiyyə edilməsini yüksək qiymətləndirib.
Müşavirədə “İlin ədəbi mənzərəsi”, “Ədəbi tənqid”, “Poeziya”, “Nəsr”, “Dramaturgiya”, “Ədəbi gənclik” və “Uşaq ədəbiyyatı” mövzusunda məruzələr dinlənilib.