Ədəbiyyat İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib
Bakı, 19 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a Ədəbiyyat İnstitutundan bildirilib.
Tədbirdə institutun direktor müavini filologiya elmləri doktoru, dosent Mehman Həsənli, elmi katib filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı, Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri filologiya üzrə fəlsəfə doktoru Şəbnəm Mirzəzadə və məktəblilər iştirak ediblər.
Öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri institutun direktor müavini Mehman Həsənli açaraq 20 Yanvar faciəsinin mahiyyəti, səbəbləri və nəticələri haqqında uşaqlara məlumat verib. Məktəblilərin akademiyada keçirilən tədbirə qatılmasını tarixi varisliyin davamı kimi səciyyələndirib.
Bakı Şəhəri Nizami rayon 70 saylı məktəbin 5-7-ci sinif şagirdlərinin hazırladığı şeir kompozisiyaları və faciə haqqında məlumatlar maraqla qarşılanıb.
İnstitutun baş mütəxəssisi, şair İbrahim Yusifoğlu mövzu ilə bağlı xatirələrini bölüşüb, şeirlərini səsləndirib.