Əhməd Cavad yaradıcılığına həsr olunmuş qiraət layihəsi sona çatıb
Bakı, 31 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi və Azərbaycan İncəsənət Məktəbinin təşkilatçılığı ilə “Gənc qiraətçilər arasında Əhməd Cavad yaradıcılığının təbliği” layihəsi çərçivəsində son müsabiqə tədbiri keçirilib.
Gənclər Fondundan AZƏRTAC-a bildirilib ki, dosent, bədii qiraətçi Nadir Hüseynov, Xalq artisti, professor Məmmədsəfa Qasımov, pedaqoq və aktyor Məhəmməd Verdizadə, “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyinin sədri Fərhad Abdulov müsabiqənin münsiflər heyəti kimi iştirak ediblər.
Layihə rəhbəri, Azərbaycan İncəsənət Məktəbinin təsisçisi və bədii rəhbəri Fərid Bağırov tədbirin açılışını edərək müsabiqənin münsiflərini və tamaşaçıları salamlayıb, layihə haqqında məlumat verib, müsabiqədə iştirak edən gənclərə uğurlar arzulayaraq münsiflər heyətini təqdim edib.
Müsabiqədə iştirak edən 15 nəfər gənc qiraətçi tar ifaçısı Elvin Səfərovun müşayiəti ilə Əhməd Cavadın yaradıcılığına müraciət edərək şeirlər söyləyib. Tədbirin sonunda münsiflər heyətinin qiymətləndirmələrinə görə Əzizəxanım Kazımova 1-ci yerə, Xanım Əliyeva 2-ci yerə, Azər Sahibi isə 3-cü yerə layiq görülüb. Qaliblər diplom və həvəsləndirici hədiyyələrlə təltif olunublar.
Qeyd edək ki, layihə Gənclər Fondu tərəfindən elan edilmiş “İdeyanı Reallaşdır-2022” qrant müsabiqəsinin qalibidir. Layihənin məqsədi gənclər arasında Əhməd Cavad və onun yaradıcılığının təbliğ edilməsidir.