“Ekol Mühəndislik Xidmətləri” QSC “Bakı Ağ Şəhər” layihəsinin icrasını uğurla davam etdirir
Bakı, 1 fevral (AZƏRTAC). Paytaxtın yeni müasir mərkəzinə çevriləcək və “Bakı Ağ Şəhər” adlanan layihənin icrasına dünyanın məşhur memarlıq şirkətləri cəlb olunmuşdur.
ARDNŞ-in “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətindən (QSC) AZƏRTAC-a bildirmişlər ki, bu möhtəşəm layihənin icrasında iştirak edən “Ekol Mühəndislik Xidmətləri ” QSC 2010-cu ilin fevral ayından “Bakı Ağ Şəhər” layihəsinin “Yaşıl ada” bölgəsində köhnəlmiş neft-sənaye obyektlərindən neftşlamın çıxarılmasına və ərazidəki neft məhsulları ilə çirklənmiş torpaqların təmizlənməsi layihəsinə başlamışdır. Cari ilin yanvar ayında ərazidən 45 min kubmetrdən çox, ümumilikdə isə layihənin icra müddətində 1 milyon 406 min kubmetrədək çirklənmiş torpaq, 26 min kubmetrdən çox neftşlam çıxarılaraq müvafiq qaydada daşınmışdır.
Qeyd edək ki, dinamik inkişafı və perspektivi ilə iri biznes sahələrini, eləcə də xarici sərmayələri özünə cəlb edən paytaxt Bakı iş, həyat, istirahət və əyləncələr üçün arzu olunan müasir bir şəhərə çevrilməkdədir. Bu dinamik inkişaf çərçivəsində 2010-cu ildən Bakının Xətai rayonunda yerləşən və “qara şəhər” adlanan ərazidə yeni müasir mərkəzin yaradılması layihəsinin ilkin mərhələsinə başlanılmışdır. Layihənin icrası ilə əlaqədar, öncə ərazidə köhnəlmiş sənaye obyektlərinin şəhər hüdudlarından kənara çıxarılması, neft məhsulları ilə çirklənmiş torpaqların təmizlənməsi tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur.