“Ekol Mühəndislik Xidmətləri” QSC-də Kanadanın “Nelson Environmental Remediation LTD” şirkətinin təqdimatı olmuşdur
Bakı, 16 noyabr (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətində (QSC) Kanadanın “Nelson Environmental Remediation LTD” şirkəti tərəfindən “Neftlə çirklənmiş torpaqların termik üsulla təmizlənməsi texnologiyaları” mövzusunda təqdimat keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, təqdimatda ARDNŞ-in ekoloji layihələrin idarəedilməsi şöbəsinin rəisi Rövşən Fətullayev, QSC-nin baş direktorunun istehsalat üzrə müavini-texniki direktor Məzahir Hüseynov, “Nelson Environmental Remediation LTD” şirkətinin ABŞ üzrə prezidenti Kirk Shellum və Kanada üzrə prezidenti Darryl Nelson iştirak etmişlər.
QSC-nin baş direktorunun sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit üzrə müavini Rəşad İsmayılov bildirilmişdir ki, ARDNŞ-in neftlə çirklənmiş torpaqların təmizlənməsi sahəsində QSC-nin qarşısında qoyduğu vəzifələrin yüksək səviyyədə həyata keçirilməsi üçün yeni texnologiyalara ehtiyac vardır. Buna görə də xarici şirkətlərlə müntəzəm görüşlər keçirilir.
“Nelson” şirkətinin Kanada üzrə prezidenti Darryl Nelson bildirmişdir ki, təmsil etdiyi şirkət ətraf mühitin mühafizəsi, xüsusilə neftlə çirklənmiş torpaqların təmizlənməsi sahəsində ixtisaslaşmışdır. Şirkət 20 ildən artıqdır ki, ABŞ, Kanada, Alberta və bir sıra digər ölkələrdə uğurlu layihələr həyata keçirmişdir. Darryl Nelson ötən gün ARDNŞ-in “Abşeronneft”, “Bibiheybətneft”, H.Z.Tağıyev, N.Nərimanov və Ə.Əmirov adına neft və qaz çıxarma idarələrinin mədən ərazilərindəki çirklənmiş torpaqlarla tanış olduqlarını və bu torpaqların təmizlənməsi sahəsində əməkdaşlıq əlaqələri üçün zəmin yarandığını iştirakçıların diqqətinə çatdırmışdır.
Sonra Darryl Nelson şirkətin neftlə çirklənmiş torpaqların təmizlənməsi texnologiyaları və istifadə olunan qurğular haqqında elektron məlumatları tədbir iştirakçılarına təqdim etmişdir.
Görüşdə Azərbaycandakı neftlə çirklənmiş torpaqların, habelə texnoloji qurğuların xarakteristikaları ikitərəfli qaydada araşdırılması və əldə olunmuş konkret nəticələr ARDNŞ ilə razılaşdırıldıqdan sonra gələcək əməkdaşlıq əlaqələrinin istiqamətlərinin müəyyən edilməsi qərara alınmışdır.
Təqdimatın mövzusu ətrafında müzakirələr aparılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.