“Ekol Mühəndislik Xidmətləri” QSC ekoloji vəziyyətin yaxşılaşması kimi bəşəri bir missiyaya xidmət edir
Bakı, 20 noyabr, AZƏRTAC
Bakıda keçirilən 5-ci yubiley beynəlxalq “Xəzər: ətraf mühit üçün texnologiyalar” sərgisində (CTE-2014”) ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində böyük işlər görən “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) də öz stendi ilə çıxış edir.
Burada QSC-nin ekoloji monitorinq və laboratoriya xidmətlərini, neftşlamın emalı, parafin təmizlənməsi, eləcə də sənaye axıntı və məişət sularının, neftlə çirklənmiş ərazilərin təmizlənməsi işlərini əks etdirən materiallar yerləşdirilib.
“Ekol Mühəndislik Xidmətləri” QSC-nin ictimai sosial şöbəsinin rəisi Fəxrəddin Quliyev AZƏRTAC-a açıqlamasında bildirib ki, stenddə 2006-cı ildə yaradılmış qurumun əsasən ətraf mühitin mühafizəsi ilə bağlı reallaşdırdığı layihələr, gördüyü işlər təqdim olunur.
Onun sözlərinə görə, bu illər ərzində QSC-nin tullantıların emalı departamenti tərəfindən orta hesabla ildə Heydər Əliyev adına Bakı neft emalı zavodundan və “Azərneftyağ” neft emalı zavodundan 20 milyon kubmetrə qədər sənaye-çirkab suları təmizlənir. İl ərzində hər iki zavodun istehsalat sahələrində təqribən 200 min tona qədər neftşlam emal edilərək zərərsizləşdirilir. Bundan başqa, qurum tərəfindən 300 hektara yaxın neftlə çirklənmiş sahələrdə yaşıllıq işləri görülüb. Bir sözlə, QSC ətraf mühitə atılan zərərli maddələrin miqdarının xeyli dərəcədə azalması və ekoloji vəziyyətin yaxşılaşması kimi bəşəri bir missiyaya xidmət edir.