“Ekol Mühəndislik Xidmətləri”ndə Mülki Müdafiə Günü qeyd olunub
Bakı, 2 mart, AZƏRTAC
“Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətində (QSC) Mülki Müdafiə Günü qeyd edilib.
Müəssisədən AZƏRTAC-a bildirilib ki, Nizami və Xətai rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq QSC-nin bütün xidmət sahələrinə bu tədbir barədə xəbərdarlıq rabitə vasitəsilə çatdırılıb, fotosərgilər təşkil olunub və mülki müdafiə manqaları ilə birgə toplantılar keçirilib.
Toplantıda çıxış edənlər mülki müdafiənin insanların həyatındakı rolundan ətraflı danışıb və bu sahəyə cavabdeh şəxslərin daha da məsuliyyətli olmaları tövsiyə edilib. QSC-də mülki müdafiə üzrə görülən işlər və qarşıda duran vəzifələr barədə tədbir iştirakçılarına məlumat verilib. Sonra mülki müdafiə sahəsinə aid sərbəst mövzularda geniş müzakirələr aparılıb.
Qeyd edək ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Məclisinin qərarı ilə 1972-ci ildən etibarən, hər il martın 1-i bu təşkilata üzv olan bütün ölkələrdə Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd olunur. Hazırda Beynəlxalq Mülki Müdafiə Təşkilatına dünyanın 100-dən çox ölkəsi daxildir. Bu təşkilatın əsas məqsədi dünya əhalisinin mühafizəsi sahəsindəki təcrübəni ümumiləşdirib yayılması, mülki müdafiə kadrlarının hazırlanması və təkmilləşdirilməsi, habelə təbii fəlakətlər və iri qəzalar zamanı dövlətlərarası qarşılıqlı yardımın təşkil edilməsindən ibarətdir. Azərbaycan Respublikası da 1993-cü ildən bu nüfuzlu humanitar təşkilatın üzvlüyünə qəbul edilmiş və onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir.