Ekologiya və təbii sərvətlər naziri Ucar rayonunda 40-a yaxın sakinin müraciətinə baxıb
Bakı, 30 mart, AZƏRTAC
Martın 30-da ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Ucar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Ucar, Kürdəmir, Şamaxı, Ağsu, Qobustan və Göyçay rayonlarının sakinlərini qəbul edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərlərinin iştirak etdiyi görüşdə ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, bioresurslar, geologiya, hidrometeorologiya və s. məsələlərlə bağlı 40-a yaxın vətəndaşın müraciətinə baxılıb.
Qəbul zamanı nazir vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək hərtərəfli öyrənilməsi, onların narazılığına səbəb olan halların aradan qaldırılması və qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, digər müraciətlər isə araşdırılması məqsədilə nəzarətə götürülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.