Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndə heyəti Tbilisidə Ulu Öndərin abidəsini ziyarət edib
Tbilisi, 9 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndə heyəti Gürcüstana səfərə gəlib.
Nazir müavini Vüqar Kərimov AZƏRTAC-a müsahibəsində bildirib ki, Gürcüstanın Kənd Təsərrüfatı və Ətraf Mühit Nazirliyi ilə bir sıra müştərək layihələr həyata keçirilir. Səfərin əsas məqsədi həmin layihələrin icra mexanizmini bir daha nəzərdən keçirmək və reallaşdırmaqdır.
Azərbaycanın Hirkan meşələrinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildiyini xatırladan nazir müavini bildirib ki, Gürcüstan ərazisində olan “Kolxida” florası da UNESCO-nun Ümumdünya İrs Siyahısına daxildir: “Biz indi digər təbiət sahələrimizin də həmin siyahıya daxil edilməsi istiqamətində birgə iş aparmaq niyyətindəyik. Səfər çərçivəsində bu və digər məsələlər ətrafında fikir mübadiləsi aparacağıq”.
Qeyd edək ki, Vüqar Kərimov, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və digər rəsmi şəxslər oktyabrın 9-da Tbilisidəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi