CƏMİYYƏT
Ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti araşdırılıb
Bakı, 18 iyun, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları iyunun 1-dən 15-dək ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıblar.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində bir sıra qanun pozuntuları aşkarlanıb. Ekoloji qanun pozuntularına görə, 142 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün 63 müddətli “məcburi göstəriş” verilib.
Ümumilikdə 34 iş üzrə 61950 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 2 iş üzrə 546 manat məbləğində iddia qaldırılıb. Ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 207 iş üzrə 39090.99 manat məbləğində ödəmə tətbiq edilib.
Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 14, icra qurumlarına isə 15 iş göndərilib.