Ekoloji terrorda iştirak edən xarici şirkətlər beynəlxalq məhkəmələrə veriləcək
Bakı, 21 dekabr, AZƏRTAC
Ermənistan və Qarabağdakı separatçı rejim otuz il ərzində işğal altında olan torpaqlarımızda ekoloji terror törədiblər. Həmin ərazilərdə ermənilər tərəfindən təbii sərvətlərimiz talan olunub, yandırılıb, su ehtiyatları çirkləndirilib, on minlərlə hektar meşə sahəsi məhv edilib. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi ekoloji terrorda xarici şirkətlərin iştirakına dair çoxsaylı faktlar mövcuddur. Dövlətimiz tərəfindən həmin şirkətlərlə bağlı hüquqi tədbirlər görüləcək, onlar beynəlxalq məhkəmələrə veriləcək. Bu istiqamətdə işlər gedir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Fatma Yıldırım deyib.
Deputat bildirib ki, bu il iyulun 28-də BMT Baş Assambleyası “Təmiz, sağlam və dayanıqlı ətraf mühitdə yaşamaq hüququ” adlı qətnamə qəbul edib. Həmin qətnamə ilə BMT təmiz, sağlam və dayanıqlı ətraf mühitdə yaşamaq hüququnu insan hüquqları kimi tanıyır. Yəni, həmin hüquqların pozulması BMT tərəfindən ilk növbədə insan hüquqlarının birbaşa pozulması kimi qəbul edilir. Qətnamədə BMT üzv dövlətləri hamı üçün təmiz, sağlam və dayanıqlı ətraf mühitin təmin edilməsi üçün müvafiq addımlar atmağa çağırır. Hazırda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizdə təbii sərvətlərin qeyri-qanuni talanması nəticəsində ətraf mühitə dəyən ziyan Azərbaycan vətəndaşlarının insan hüquqlarının pozulmasıdır.
“Ermənilərin torpaqlarımızda törətdiyi ekoloji terror beynəlxalq cinayətdir. Azərbaycan Ermənistanın ekoloji terror siyasəti ilə bağlı həm işğal dövründə, həm də işğaldan sonra müvafiq beynəlxalq təşkilatlara müraciətlər edib. Təəssüf ki, problem özünün adekvat qiymətini almayıb. Bu da dünyada mövcud olan ikili standartların təzahürüdür. Lakin bütün hallarda həmin məsələ daim dövlətin diqqət mərkəzindədir. Dövlətimiz imkan verməyəcək ki, Qarabağ və Şərqi Zəngəzurun təbii sərvətləri ermənilər və onların havadarları tərəfindən talansın və ekologiyamıza ziyan vurulsun. Başladığımız bu prosesdən ermənilər ciddi təşvişə düşüblər. Azərbaycan dövləti bu hüquqların pozulması ilə bağlı beynəlxalq instansiyalara müraciət edir və edəcək. Hazırda bir sıra məsələlərlə bağlı Avropa Məhkəməsinə müraciət edilib. Belə ki, Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinə yeni dövlətlərarası şikayət təqdim edib. Avropa Məhkəməsinə göndərilmiş yeni dövlətlərarası şikayətdə Laçın, Zabux və Susda azərbaycanlıların yüzlərlə mülklərinin məhv edilməsinə görə Ermənistanın məsuliyyət daşımasına dair faktları təqdim edilib. Ümid edirik ki, Avropa Məhkəməsi bu məsələlərə ədalətli baxaraq beynəlxalq hüquq əsasında müvafiq qərarlar qəbul edəcək, Ermənistanı cəzalandıracaq”,- deyə deputat vurğulayıb.