İQTİSADİYYAT
Ekspert: Azərbaycanın kibertəhlükəsizlik mövqeyinin daha da yüksəlməsi üçün intensiv işlər davam etdirilməlidir
Bakı, 13 sentyabr, AZƏRTAC
Bu il ölkəmizin də kibertəhlükəsizlik indeksinin yüksəlməsi, 100 mümkün xaldan 93,76 xal toplaması və “təkmil səviyyə”də qərarlaşması (2020-ci ildə bu rəqəm 89,31 olub) bu sahədə son illər ərzində ölkəmizdə həyata keçirilmiş uğurlu fəaliyyətin nəticəsi kimi qiymətləndirilməlidir.
Bunu AZƏRTAC-a açıqlaması zamanı Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) sədri Elvin Balacanov deyib.
Onun sözlərinə görə, “təkmil səviyyə” özündə indeks üzrə göstəricisi 85 xaldan yuxarı olan, həmçinin qiymətləndirilən 5 istiqamətin və ya qiymətləndirmə meyarlarının əksəriyyəti üzrə kibertəhlükəsizlik sahəsində güclü koordinasiya olunmuş və dövlət tərəfindən intensiv dəstəyin verildiyi tədbirlərin həyata keçirilməsini ehtiva edir.
“Xüsusilə də, “Normativ-hüquqi tənzimləmə” və “Əməkdaşlıq” sferasında tədbirlərlə bağlı meyarlar üzrə mümkün maksimum xal toplamağımız adıçəkilən sahələrdə həyata keçirilmiş tədbirlərin səmərəliliyinin təcəssümüdür. İTU-nun hesabatına görə, Azərbaycanda “Potensialın inkişaf etdirilməsi”, “Texniki” və “Təşkilati” sferalarda tədbirlərlə bağlı meyarlar üzrə daha intensiv işlərin görülməsinə ehtiyac var. Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən dərc olunmuş “Qlobal Kibertəhlükəsizlik İndeksi 2024” (Global Cybersecurity Index 2024 -https://www.itu.int/en/ITU-D/Cybersecurity/Pages/global-cybersecurity-index.aspx) 194 ölkənin 20 indikator üzrə 83 sual ətrafında qiymətləndirilməsi əsasında hazırlanıb. Qeyd etmək lazımdır ki, kibertəhlükəsizlik sahəsində 2020-ci illə müqayisədə dünya ölkələrinin orta reytinq göstəricisi təxminən 20 faiz yüksəlib. Hazırda qlobal orta göstərici 65,7 xaldır. Eyni zamanda, bu il 10-dan çox ölkə mümkün maksimum xal (100 xal) toplayıb (məsələn, Türkiyə, Birləşmiş Krallıq, BƏƏ, Cənubi Koreya, Danimarka, Finlandiya, İndoneziya, İtaliya, Misir, Mavritaniya, Qatar, Səudiyyə Ərəbistanı). Ümumilikdə, 47 ölkə 95-100 xal arası nəticə əldə edib. Onu da qeyd edim ki, analoji beynəlxalq kibertəhlükəsizlik indeksinə - Estoniyanın Elektron İdarəçilik Akademiyası Fondu tərəfindən ölkələrin 49 indikator üzrə qiymətləndirilməsi əsasında hazırlanan “Milli Kibertəhlükəsizlik İndeksi”nə (“National Cybersecurity Index”, https://ncsi.ega.ee/ncsi-index/) - görə ölkəmiz 70,83 xal toplayıb və hazıradək qiymətləndirilmiş 53 ölkə arasında 18-ci yerdə qərarlaşıb. Bu indeks üzrə heç bir ölkə mümkün maksimum xal (100 xal) toplamayıb və yalnız 20 ölkənin xalı 70-dən yuxarıdır”, - deyə AKTA sədri əlavə edib.
Son illər ərzində kibertəhlükəsizlik sahəsində ölkəmizdə həyata keçirilmiş uğurlu fəaliyyət nəticəsində bu indeks üzrə də göstəricimizin xeyli yaxşılaşdığını vurğulayan Elvin Balcanov Azərbaycanın bu indeks üzrə mövqeyinin daha da yüksəlməsi üçün kibertəhlükəsizlik sahəsində intensiv və əlaqələndirilmiş işlərin davam etdirilməsinə ehtiyac olduğunu bildirib: “Azərbaycan Prezidenti İlham Əliyevin də bildirdiyi kimi, texnoloji inkişaf, rəqəmsallaşma, kibertəhlükəsizlik, süni intellektin tətbiq edilməsi bizim gündəlik həyatımızın əlamətlərinə çevrilməlidir. Dövlət qurumları, özəl sektor və cəmiyyətin bütün digər seqmentləri buna hazır olmalıdırlar. Əks təqdirdə, biz geridə qalacağıq. Biz isə geridə qala bilmərik”.