Ekspert: Beynəlxalq ekoloji konsepsiya Azərbaycanın müxtəlif növ yataqlarına da şamil olunmalıdır
Bakı, 27 dekabr, AZƏRTAC
Dünyada qəbul edilən üç konsepsiya - ekoloji tamlıq, ekoeffektivlik və ekoədalətlilik ölkəmizin sərhədləri daxilində yerləşən müxtəlif növ yataqlara da şamil olunmalıdır.
Bunu AZƏRTAC-a Sloveniyanın Nova-Goritsa Universitetinin “Ətraf mühitin qorunması və idarə edilməsi” ixtisası üzrə məzunu, ekoloq, “Dostluq Gənclərin Əlaqələndirmə Mərkəzi” İctimai Birliyinin sədri Cavidan Ağazadə deyib.
O xatırladıb ki, otuz ilə yaxın bir dövrdə ölkəmizin strateji əhəmiyyətli mineral yataqları, o cümlədən qızıl yataqları Ermənistan və onun havadarları olan xarici şirkətlərlə birgə istismar edilib, Azərbaycanın milli sərvətləri talan edilib. 44 günlük Vətən müharibəsi torpaqların işğaldan azad edilməsi ilə yanaşı, həmin milli sərvətlərimizin də qorunmasına zəmin yaratdı.
Ermənistan Azərbaycanın torpaqlarını işğal etməklə yanaşı, onun təbii sərvətlərinə də ziyan vurub. Bunun bariz nümunəsi Azərbaycanın qızıl yataqlarının qanunsuz işlənməsi ilə bağlı həyata keçirdikləri fəaliyyətdir. İşğal dövründə həmin ərazidə düşmənin müxtəlif texnogen fəaliyyəti ətraf mühitə çox ciddi ziyan vurub. Qızıl və digər yeraltı, yerüstü yataqlar talan edilib, heç bir texnoloji normalar qorunmadan istismar olunub.
Uzun illər Azərbaycan bu fəaliyyətə qarşı dövlət səviyyəsində etirazını bildirib. Eyni zamanda, ölkənin ictimai təşkilatları da bu istiqamətdə öz narahatlıqlarını dəfələrlə müxtəlif platformalarda ifadə ediblər. Ermənilərin belə azğınlaşmasının əsas səbəbi beynəlxalq təşkilatlar səviyyəsində onların işğalçılıq siyasətinin pislənməməsi, Azərbaycanın ərazilərinin zəbt edilməsi, eləcə də həmin ərazilərdə silahlı dəstələrin mövcudluğu olub.
Ekspert bildirib ki, bütün dünya üçün, o cümlədən BMT qəbul etdiyi minilliyin məqsədlərində iki əsas amil yer almaqdadır: insan potensialının inkişafı və ətraf mühitin problemlərinə lazımi diqqətin göstərilməsi. Ölkəmizin zəngin insan və təbii ehtiyatları hələ sovet dövründən amansız istismarının şahidi olmuşuq. Lakin müasir çağırışlar və gələcəyə yönəlik inkişaf onu deməyə əsas verir ki, təbii resursların istismarı sahəsindəki məhdudlaşmalar və monitorinqlər mütəmadi təhlil edilməlidir. İnsanların adi tələbatlarını ödəmək və hamının gələcəkdə yaxşı həyata olan ümidinin reallaşdırılmasına şərait yaradılması zərurət olmalıdır. Bunsuz uzunmüddətli və davamlı inkişaf sadəcə olaraq qeyri-mümkündür. Ekoloji və digər dəyişikliklərin yaranmasının başlıca səbəblərindən biri məhz bu yanaşmanın tətbiq edilməməsidir.
“Davosda keçirilən Dünya iqtisadi forumunun nəticələrinin təhlili deməyə əsas verir ki, dünyada bu tip problemlərə iqtisadi, sosial və ekoloji baxışların üstünlüyü önəmlidir. Dünyada qəbul edilən üç konsepsiya ekoloji tamlıq, ekoeffektivlik və ekoədalətlilik, eyni zamanda, ölkəmizin sərhədləri daxilində yerləşən müxtəlif növ yataqlara da şamil olunmalıdır. Artıq 16-cü gündür ki, Laçın-Xankəndi yolunda vətəndaş cəmiyyətinin təmsilçilərinin həyata keçirdikləri etiraz aksiyaları məhz bu üç prinsipə əsaslanır. Dinc aksiyalar ölkəmizin və cəmiyyətimizin mövqeyinin haqlı olduğunun bir daha təsdiqidir”, - deyə Cavidan Ağazadə bildirib.