Ekspert: Sosial şəbəkələrdə düşmən təbliğatına xidmət edən yanlış informasiyalar yayılır
Bakı, 9 sentyabr, AZƏRTAC
Sosial şəbəkələrdə bəzi məlumatlar haqqında yanlış informasiyalar var. Bu, düşmən təbliğatıdır. Onlar bütün sahələrdə dönüş etməyə çalışırlar, lakin bu alınmır. Ermənistan Azərbaycanla dövlət sərhədi istiqamətində hərbi texnika toplayır. Xankəndidən Şuşa istiqamətinə təxribatlar var. Biz bunu Xocavənd istiqamətində də görürük. Əfsuslar olsun ki, Hindistandan, İrandan Ermənistana dəstək var.
AZƏRTAC xəbər verir ki, bunu “Həmvətənlərə Dəstək” İctimai Birliyinin təsisçisi, ehtiyatda olan polkovnik-leytenant, hərbi-siyasi ekspert Elmar Hüseyn söyləyib.
Bildirib ki, hazırda Ermənistan daxilində çaxnaşma var. Ola bilsin ki, Xankəndidə öz aralarında çox böyük problem, “iqtidar-müxalifət”, hakimiyyət müharibəsi yaşansın. Fransa gətirdiyi “humanitar” karvanı Azərbaycana keçirə bilmədi. Bu, onlarda qıcıq yaradıb. Bu gün Fransa və Ermənistanın digər havadarları Azərbaycana müdaxilə etməyə çalışır. Təsəvvür edin ki, onlar son bir həftədir ki, mühüm yolları nəzarətə götürməyə çalışırlar. Amma bu cəhdlərin hamısı boşunadır. Azərbaycan əsgəri ayıqdır, sayıqdır.
“Hərbi texnika, əsgərlərin harada olması haqqında məlumatları paylaşmayın. Hər birimiz ailə məxfiçiliyi ilə dövlət məxfiçiliyini qorumalıyıq. Bu, hər bir zabitimizin, əsgərimizin, texnikamızın və dövlətimizin qorunması naminədir. Ali Baş Komandan, hər birimiz sizin çağırışınıza hazırıq. Harada olmağımızdan asılı olmayaraq dövlətimizin yanındayıq. Biz istənilən təxribatların qarşısını alacağıq”, - deyə E.Hüseyn qeyd edib.