Ekspert: Texnologiyaların idxalı üzrə beynəlxalq əməkdaşlıq Azərbaycan iqtisadiyyatının imkanlarını daha da genişləndirə bilər
Bakı, 17 iyun, AZƏRTAC
Beynəlxalq, transmilli, yüksək texnoloji sahələr üzrə ixtisaslaşmış şirkətlərin rəhbərlərinin son zamanlar Prezident İlham Əliyevlə görüşlərinin keçirilməsinə dair irəli sürdükləri təşəbbüslər Azərbaycanın bölgədə dayanıqlı iqtisadi inkişaf potensialına malik dövlət olduğunu göstərir.
Bu sözləri AZƏRTAC-a Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Rusiya məktəbinin direktorunun müavini, professor Elşad Məmmədov deyib.
O bildirib ki, bu proses Azərbaycanın rəqabət qabiliyyətinin yüksəldilməsinə şərait yaradır. Ölkəmiz aparıcı investisiya layihələrinin reallaşdırılması üçün lazım olan daxili investisiya resurslarına malikdir. Lakin texnologiyaların idxalı baxımından beynəlxalq əməkdaşlığımız Azərbaycan iqtisadiyyatının imkanlarını daha da genişləndirə bilər.
E.Məmmədov qeyd edib ki, məhz yüksək texnoloji sahədə ixtisaslaşmış xarici şirkətlərlə Azərbaycan Prezidentinin danışıqlar aparması dövlətimizin başçısının iqtisadi idarəetmə nöqteyi-nəzərdən adekvat və düzgün yanaşmasını göstərir. Bu yanaşma Azərbaycan iqtisadiyyatının dayanıqlılığına xidmət edir.
“Ölkəmizin təkrar istehsalın bütün komponentləri üzrə iqtisadi inkişafı üçün böyük potensial mövcuddur. Prezident İlham Əliyevin yürütdüyü iqtisadi idarəetmə siyasəti bütövlükdə iqtisadi səmərəliliyi göstərir. Dünya iqtisadiyyatında baş verən proseslər ölkə iqtisadiyyatına təsirsiz ötüşməsə də, Azərbaycan iqtisadiyyatının yaxın perspektivdə həm dayanıqlı, həm də qabaqlayıcı iqtisadi inkişaf trayektoriyasına çıxması üçün tam şəkildə şərait var”, - deyə ekspert vurğulayıb.