Ekvadorda iğtişaşlar başlayandan bəri 1327 nəfər saxlanılıb
Bakı, 15 yanvar, AZƏRTAC
Ekvadorun güc strukturları həbsxanalarda qiyam və iğtişaşlar başlayandan bəri 1327 nəfəri saxlayıb.
AZƏRTAC xəbər verir ki, Ekvador Prezidenti Daniel Noboa administrasiyası bu barədə sosial mediada məlumat yayıb.
“2024-cü il yanvarın 9-dan 14-dək iğtişaşlarda iştirak edən beş cinayətkar məhv edilib, 1327 şübhəli isə saxlanılıb. Saxlanılan 143 nəfər terrorçuluqda ittiham olunur. Aparılan əməliyyatlar zamanı, həmçinin girov götürülən 11 polis azad edilib, 2 polis isə xidməti vəzifəsini yerinə yetirərkən həlak olub”, - deyə məlumatda bildirilir. Azad olunanlar arasında penitensiar xidmətin 201 əməkdaşı da var.
Ekvadorun təhlükəsizlik qüvvələri ölkənin müxtəlif bölgələrində 500-ə yaxın odlu silah, təxminən eyni sayda partlayıcı və 5 tondan çox narkotik maddə ələ keçirib.
Xatırladaq ki, yanvarın 7-də “Los Choneros” qruplaşmasının Fito” ləqəbli lideri həbsxanadan qaçdıqdan sonra Ekvadorda təhlükəsizliklə bağlı vəziyyət daha da kəskinləşib. Bundan sonra bir neçə cəzaçəkmə müəssisəsində iğtişaşlar və girov götürmə halları baş verib. Yanvarın 8-də Ekvador Prezidenti ölkədə fövqəladə vəziyyət rejimi və komendant saatı elan edib. Dövlət başçısı bir gün sonra daxili silahlı münaqişənin mövcudluğunun tanınması haqqında fərman imzalayıb və 22 cinayətkar qrupun zərərsizləşdirilməsi barədə göstəriş verib.