“Əl-Bəyan” qəzetində Azərbaycanın Dubaydakı baş konsulunun məqaləsi dərc olunub
Bakı, 2 fevral, AZƏRTAC
Azərbaycanın Dubaydakı baş konsulu Pərviz İsmayılzadənin “Əl-Bəyan” qəzetində Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında mövcud əməkdaşlıq və perspektivlərə dair iqtisadi-statistik göstəricilərlə əhatə olunan məqaləsi dərc edilib.
Baş konsulluqdan AZƏRTAC-a bildiriblər ki, məqalədə diplomat Birləşmiş Ərəb Əmirliklərinin müxtəlif sahələrdə apardığı iqtisadi və sosial islahatlar sayəsində cəlbedici investisiya və ticarət zonası kimi tanınmasından, Azərbaycan ilə bu ölkə arasında ikitərəfli əlaqələrin inkişafından, Dubay Ticarət və Sənaye Palatasının 2012-ci ildə Bakı şəhərində regional ofisinin açılmasından bəhs olunur. P.İsmayılzadə Azərbaycanın zəngin təbii sərvətlərə malik olmaqla yanaşı, bir çox digər faktorlara görə də Birləşmiş Ərəb Əmirlikləri şirkətlərini investisiya yatırımları üçün cəlb etdiyini diqqətə çatdırıb.
Baş konsul Azərbaycanda turizm sektorunun dinamik inkişafda olduğunu və proqnozlara görə 2022-ci ilə qədər cəlbedici turistik, təbii və tarixi zonaları sayəsində ölkənin turizm iqtisadiyyatında hər il 7,5 faiz artımın gözlənildiyini qeyd edib.
Diplomat Azərbaycanın Avropa ilə Mərkəzi Asiya və Yaxın Şərq arasında körpü, Bakı şəhərinin inkişaf etmiş infrastrukturu sayəsində Xəzər dənizinin regionda logistik mərkəz rolunu oynadığını vurğulayıb.