“əl-Məcəllə” jurnalında Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətlərinə həsr olunan məqalə dərc edilib
Bakı, 23 iyun, AZƏRTAC
Böyük Britaniyada nəşr olunan ərəbdilli aylıq “əl-Məcəllə” jurnalında misirli jurnalist-tədqiqatçı Əhməd Tahirin Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrinə həsr olunan məqaləsi dərc edilib.
“Gələcəyə baxış-2030”, regional və beynəlxalq inteqrasiya.. Azərbaycan nümunə kimi” adlı təhlili yazıda Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında mövcud əməkdaşlıq əlaqələrindən bəhs edilir, xalqımızın ümummilli lideri Heydər Əliyevin Səudiyyə Ərəbistanına səfərləri və keçirdiyi görüşlərin əhəmiyyəti vurğulanır. Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci ilin avqust ayında Kral Fəhd bin Əbduləziz Al Səudun dəfn mərasimində iştirak etmək məqsədilə Səudiyyə Ərəbistanına səfərinin və keçən il etdiyi səfərin ölkələrimiz və xalqlarımız arasında münasibətlərin daha da inkişafında rolu qeyd edilir.
Məqalədə bildirilir ki, Səudiyyə Ərəbistanının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməzdir. Səudiyyə Ərəbistanı BMT Baş Assambleyasında, İslam Əməkdaşlıq Təşkilatında, başqa beynəlxalq və regional təşkilatlarda hər zaman Azərbaycanın mövqeyini dəstəkləyir, Ermənistan qoşunlarının işğal etdiyi torpaqlardan çıxarılmasını tələb edir.
Əhməd Tahir məqalədə yazır ki, “Səudiyyə Ərəbistanı, gələcəyə baxış - 2030” konsepsiyasında ölkənin xarici əlaqələrində Azərbaycanın da mühüm yeri var. İki ölkə arasında iqtisadiyyat, siyasət və hərbi sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi, ticarət mübadiləsinin, qarşılıqlı investisiyaların həcminin artırılması zəruridir.