“Əl-Raya” qəzetində dərc olunan müsahibədə Azərbaycan-Qətər əlaqələrinin inkişafından danışılıb
Bakı, 1 iyun, AZƏRTAC
28 May - Respublika Günü ilə əlaqədar Azərbaycanın Qətərdəki səfiri Tofiq Abdullayevin bu ölkənin ərəbdilli “Əl-Raya” qəzetində geniş müsahibəsi dərc olunub. Qəzetin bütöv bir səhifəsini əhatə edən müsahibədə Azərbaycan-Qətər münasibətlərindən söhbət açılıb.
Müsahibədə ölkələrimiz arasında əlaqələrin inkişafından, son dövrdə həyata keçirilən qarşılıqlı səfərlərdən, imzalanmış sənədlərdən və ikitərəfli iqtisadi əlaqələrin inkişafı perspektivlərindən bəhs olunur.
Səfir xarici investisiyaların ölkəmizə cəlb edilməsi üçün yaradılmış əlverişli şəraitdən danışaraq qeyri-neft sektorunun inkişafı yönündə görülən işlər və Sumqayıt Sənaye Parkının fəaliyyəti barədə məlumat verib. Həmçinin ölkəmizin turizm imkanlarından və körfəz ölkələri vətəndaşlarına münasibətdə tətbiq edilən sadələşdirilmiş viza rejimindən danışıb.
Diplomat regionda sülhün və sabitliyin qorunması istiqamətində Qətər hökumətinin yürütdüyü siyasəti yüksək qiymətləndirib.
Qeyd edək ki, 28 May -Respublika Günü münasibətilə Qətərin “Əl-Şərq”, “Əl-Vətən” və “Əl-Ərəb” qəzetlərində geniş yazılar dərc edilib.