Elçin Sultanov: Yuvalayan quşların sayını öyrənmək üçün proqram hazırlanıb
Bakı, 3 aprel, AZƏRTAC
Azərbaycanda quşların qışda sayılması prosesi uzun müddət aparılmasa da son iki ildir ki, keçirilir. Qış fəslində Azərbaycanda təxminən 100-150 min daha çox qışlayan quş qeydə alınıb. Fəaliyyətimizi bununla məhdudlaşdırmaq istəmirik. Nəinki qışlayan, hətta yuvalayan quşların da sayını öyrənmək istəyirik. Bunun üçün yeni proqram hazırlamışıq. Bu isə daha çətin və mürəkkəbdir. Əgər qışlama dövründə quşların sayılması prosesi eyni üsulla aparılırdısa, yuvalayan quşların ən azı beş müxtəlif sayılma üsulu var. Məsələn, yırtıcı quşların əvvəl yuvaları tapılır, sonra yuvalarda iki aydan bir monitorinq aparılır. Monitorinq nəticəsində yuvanın yerində qalıb-qalmadığı, balalarının sayı, bir yuvadan neçə bala çıxdığı öyrənilir. Sıx cəngəllikdə qamışlıqda yaşayan quşları - turacı, Sultan quşunu səslə sayırıq. Çünki yuvalama vaxtı quşlar açıq suda yığışmır, cəngəlliklərdə, qamışlıqlarda toplanırlar. Onları görmək mümkün olmadığından səslə saymağa məcbur oluruq.
Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Ornitoloji Cəmiyyətinin direktoru, biologiya üzrə fəlsəfə doktoru Elçin Sultanov deyib.
“Qafqaz dağ xoruzunun xüsusi çoxalma üsulları var. Onların nümayiş meydançaları olur və orada yığılırlar. Erkəkləri qara rəngdə, dişiləri isə çil olur. Erkəklər bir yerə yığılanda onları asanlıqla saymaq və lokal populyasiyada sayını hesablamaq mümkündür. Çünki yığılan erkəklər populyasiyanın təxminən dörddəbirini təşkil edir. Nəticədə populyasiyada quşların sayını təxmini öyrənə bilirik. Belə nümayiş meydançaları nə qədər çox tapılarsa, həmin quşların sayını bir o qədər dəqiq bilmək mümkündür. Burada bir əmma var ki, bu da həmin meydançaların iki min metr hündürlükdə yerləşməsidir. Odur ki, meydançaları may-iyunda axtarmaq və yuvaları yarpaqlar çıxmamış tapmaq lazımdır. Su quşlarının qarışıq yuvalama düşərgələri var. Çox vaxt 11 növ bir yerə yığışır. Onların hər birinin sayını öyrənmək üçün düşərgələrini tapmaq lazımdır ki, bu da çətin prosesdir. Odur ki, ya dronla axtarış etmək, ya da qayıqla gölü gəzib düşərgələri, yuvaları tapmaq lazımdır. Yuvada olan quşları saymaqla cütlərin sayını öyrənmək olar. Bu cür müxtəlif metodlarla həmin quşların yuvalama vaxtı sayılması prosesini aparmaq mümkündür”, - deyə E.Sultanov qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan Ornitoloji Cəmiyyəti ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu sahədə müəyyən razılığa gəlib. Prosesdən əvvəl təlimlərin keçirilməsi də nəzərdə tutulub: “Çox istəyərdik ki, hər bir qorunan ərazidə, milli parkda, qoruqda bu cür təlimlərdən sonra yerli işçilər özləri quşların sayılması prosesini aparsınlar. Azərbaycan Ornitoloji Cəmiyyətinin ekspertləri, ornitoloqları həmin məlumatı koordinasiya eləsin, işləsin və ümumiləşdirib nazirliyə təqdim etsinlər. Yuvalayan quşların sayılması prosesinə bu il başlamağı nəzərdə tutmuşuq. Yəni, indidən belə qışda sayılma prosesi ilə bərabər yuvalama dövrünün də sayılması prosesi aparılacaq”.