İQTİSADİYYAT
Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə işçi qrupun iclası keçirilib
Bakı, 26 sentyabr, AZƏRTAC
Energetika Nazirliyində elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə aparılmış islahatlarla bağlı işçi qrupun növbəti iclası keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iclasda biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması üzrə sahibkarlıq subyektlərinin elektrik təchizatı şəbəkələrinə qoşulması sahəsində islahatlarla bağlı bu ilin ikinci yarısı üçün “İcra və Kommunikasiya Planı”nda sentyabr ayı üzrə nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə məlumat verilib. “Azərişıq” ASC-nin “Elektron Müraciətlərin İdarə Olunması Sistemi” (MİOS) vasitəsilə edilmiş müraciətlər üzrə statistik göstəricilər nəzərdən keçirilib, elektrik şəbəkəsinə qoşulma prosesinin həyata keçirilməsi zamanı qarşıya çıxan problemlər və onların həlli yolları ilə bağlı müzakirələr aparılıb.
Tədbirdə, həmçinin işçi qrupun üzvlərinə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın internet portalı (“azranking.az”) və “Rəqəmsal Təqvim” elektron sistemi barədə ətraflı məlumat verilib.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 avqust tarixli Sərəncamı ilə “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya” haqqında Əsasnamə təsdiq edilib.