“Elektron məhkəmə” informasiya sistemi yaxın aylarda ölkənin bütün məhkəmələrini əhatə edəcək
Bakı, 13 fevral, AZƏRTAC
Prezident İlham Əliyev ölkə rəhbərliyinə gəldiyi ilk günlərdən məhkəmə hakimiyyətinin müasir çağırışlara uyğun inkişafı, məhkəmələrə əlçatanlığın yaxşılaşdırılması və şəffaflığın artırılması, onun cəmiyyətdə nüfuzunun yüksəldilməsi üzrə tövsiyə və tapşırıqlar verib, bu istiqamətdə mütərəqqi islahatlara başlanılıb. İslahatlar zamanı Avropa Şurası ilə əməkdaşlıqda məhkəmə fəaliyyətini tənzimləyən mövcud qanunvericilik mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla hər il təkmilləşdirilib, yeni qanunlar qəbul edilib.
AZƏRTAC xəbər verir ki, bunu Ali Məhkəmənin 100 illiyinə həsr olunan beynəlxalq konfransda ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov deyib.
Ədliyyə naziri qeyd edib ki, vətəndaşların ədalət mühakiməsinə əlçatanlığının asanlaşdırılması məqsədilə məhkəmə sistemi təkmilləşdirilib və 40-dək yeni məhkəmə, o cümlədən bütün bölgələrdə apellyasiya məhkəmələri, inzibati ədliyyə institutu yaradılıb. Mövcud məhkəmə infrastrukturu Dünya Bankının iştirakı ilə müasirləşdirilərək paytaxtda və bölgələrdə 35 məhkəmə üçün yüksək texnoloji - “hi-tech” bina və komplekslər inşa olunaraq istifadəyə verilib. Bu məhkəmələrin əksəriyyətinin Azərbaycan Prezidenti tərəfindən açılışının şəxsən həyata keçirməsi məhkəmə hakimiyyətinə dövlətimizin verdiyi müstəsna dəyərin bariz təzahürüdür.
“Eyni zamanda məhkəmələrə əlçatanlığın yaxşılaşdırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə məhkəmə fəaliyyəti elektronlaşdırılıb, insanların məhkəməyə müraciət etdiyi andan məhkəmə qərarının icrasına qədər bütün prosesi əhatə edən "Elektron məhkəmə" informasiya sistemi yaradılıb. Artıq məhkəmələrin 80 faizə qədərində tətbiq edilən bu sistemin yaxın aylarda ölkənin bütün məhkəmələrini əhatə etməsi nəzərdə tutulur”, - deyə Məhkəmə-Hüquq Şurasının sədri vurğulayıb.