CƏMİYYƏT
Əlilliyi olan 33 min uşağa reabilitasiya xidmətləri göstərilib
Bakı, 29 noyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin uşaq reabilitasiya mərkəzləri tərəfindən bu ilin yanvar-oktyabr aylarında 18 yaşadək əlilliyi olan 33 min şəxsə reabilitasiya xidmətləri göstərilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 1,7 mini stasionar, 22 mindən çoxu ambulator, digərləri icma əsaslı, onlayn, ippoterapiya, səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.
Həmin kateqoriyadan olan uşaqlar Agentliyin paytaxtda yerləşən 1 və 2 saylı uşaq reabilitasiya mərkəzlərində, eləcə də Qəbələ və Şəmkir rayonlarındakı uşaq reabilitasiya mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər.