Əlimərdan Əliyev: Vətən sevgisi və ruh yüksəkliyi Qələbənin rəhnidir
Lənkəran, 3 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Azərbaycanın bollu-bərəkətli torpaqları, zəngin sərvətləri əsrlər boyu müxtəlif imperiya qüvvələrinin marağında olub. Onlar bu torpaqları, bu sərvətləri ələ keçirmək üçün bütün vasitələrdən istifadə edib xalqımızı əsarətdə saxlamağa çalışıblar.
Bu sözləri Lənkəran Rayon Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranları Şurasının sədri Əlimərdan Əliyev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib.
O deyib: “Sentyabrın 27-də xain ermənilərin növbəti təxribatına cavab olaraq Azərbaycan Ordusunun düşmənə layiqli cavab verməsi Vətən müharibəsinin başlandığını, xalqımıza olmazın əzab-əziyyətlər verənlərdən tarixi intiqamın alınmasının məqamının yetişdiyini dünyaya göstərdi. Vətən sevgisi, ruh yüksəkliyi Qələbənin rəhnidir. İgid əsgərlərimizin Vətən sevgisi, torpaq təəssübkeşliyi, döyüşçü rəşadəti erməni faşistlərini də, onların məkrli havadarlarını da sarsıdıb. Ordumuzun darmadağın etdiyi düşmən əsgərləri canlarını qurtarmaq üçün silahlarını, ölülərini, yaralılarını belə atıb qaçırlar. Ordumuzun bu qələbələri biz lənkəranlıları da hədsiz sevindirir, qələbəyə ruhlandırır. İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun ata yurdu olan Lənkəranda hər bir sakin ordumuzun qələbələrini qürur hissi ilə qarşılayır. Rayonda yüksək siyasi fəallıq hökm sürür. Milli mənsubiyyətindən asılı olmayaraq hər bir sakin Vətən naminə ayaqdadır. Adi vətəndaşlar, müxtəlif peşə sahibləri, xüsusilə gənclər mütəşəkkilliklə Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbəsinə müraciət edib, könüllü olaraq ordu sıralarına qəbul olunmalarını istəyirlər. Əhalidə böyük ruh yüksəkliyi var. Biz lənkəranlılar torpaqlarımızın azad olunması istiqamətində ölkə rəhbərliyinin qəbul etdiyi bütün qərarları alqışlayır və hər an bu qərarların uğurlu icrasına töhfələrini verməyə hazırıq. İnanırıq ki, rəşadətli ordumuz Vətən torpaqlarını işğaldan azad edib şanlı qələbə qazanacaq”.