Elmi işçilər elmmetrik bazalar və akademik sosial şəbəkələrdən istifadə yolları barədə məlumatlandırılıb
Bakı, 2 aprel, AZƏRTAC
Aşqarlar Kimyası İnstitutunda “Elmmetrik bazalar və akademik sosial şəbəkələrdən istifadə yolları” mövzusunda növbəti elmi seminar keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, tədbirdə çıxış edən institutun elmi işlər üzrə direktor müavini, dosent Əfsun Sucayev dünya təcrübəsində hər bir alimin elmi fəaliyyətinin elmmetrik meyarlar əsasında qiymətləndirildiyini söyləyib. O qeyd edib ki, Aşqarlar Kimyası İnstitutunda da 2016-cı ildən elmi işçilərin fəaliyyətinin qiymətləndirilməsi aparılır və alimlərimizin göstərdiyi nəticələr əsasında reytinq siyahısı tərtib olunur. İlk 3 yeri tutan əməkdaş elmə daha da həvəsləndirilmək üçün mükafatlandırılır. Bu qiymətləndirmə elmi işçilər arasında sağlam rəqabət mühiti yaratmaqla, bütövlükdə institutun elmi fəaliyyətinin yüksəlməsinə xidmət edir. Aparılan təhlillər göstərir ki, bu istiqamətdə nəticələr qənaətbəxş olsa da, yetərli deyil və institutun potensial imkanlarını tam əks etdirmir. Əsas səbəb də elmi işçilərin qlobal elmmetrik bazalar və akademik sosial şəbəkələrdən düzgün və məqsədyönlü istifadə edə bilməməsidir. Ona görə də bu mövzuda maarifləndirmə seminarının keçirilməsi vacibidir.
Sonra institutun patent tədqiqatları və aşqarlar kimyası sahəsində elmi işlərin proqnozlaşdırılması laboratoriyasının mütəxəssisi Rafiq Əsədov mövzu ilə bağlı məruzə edib. O, dünya alimlərinin geniş istifadə etdiyi elmmetrik bazalar, onlardan istifadə qaydaları, akademik sosial şəbəkələrdə profillərin yaradılması, idarə olunması ilə bağlı konkret nümunələrlə ətraflı məlumat verib, sualları cavablandırıb.