ELM VƏ TƏHSİL
Elmi seminar: Məkan verilənlərinin analizi metodları
Bakı, 19 aprel, AZƏRTAC
İnformasiya Texnologiyaları İnstitutunda keçirilən növbəti onlayn elmi seminar “Məkan verilənlərinin analizi metodları” mövzusuna həsr edilib.
Bu barədə institutdan AZƏRTAC-a məlumat verilib. Məruzəçi Xəyalə Əhmədova ölkəmizdə milli məkan məlumatları infrastrukturunun yaradılması üzrə müvafiq qanunvericilik bazasının və təşkilati strukturların formalaşdırıldığını, böyük praktiki əhəmiyyətli verilənlərin toplanıldığını və əlaqədar e-xidmətlərin göstərilməsinə başlanıldığını diqqətə çatdırıb. O, məkan verilənlərinin intellektual analizi metodlarının işlənilməsinin aktuallıq qazandığını vurğulayıb.
X.Əhmədova geoinformasiya sistemlərinin (GIS-in) komponentləri, GİS-verilənlərin təsvir formatları, GİS-lərin kompleks planlaşdırma və idarəetmə məsələlərinin həlli üçün tətbiq sahələri və müasir GİS-lərdə reallaşdırılmış məkan verilənlərinin analizi üsulları haqqında məlumat verib, geostatistika metodlarının mahiyyəti, onların üstün və zəif cəhətlərinin müqayisəsini təqdim edib.
Məruzəçi qeyd edib ki, məkan məlumatlarının toplanmasında yüksək dəqiqlik və informasiya texnologiyalarında baş verən ciddi inkişaf nəticəsində bir vaxtlar yalnız xüsusi kompüter dəstəkli tətbiqlər ilə əldə edilən kompleks geoinformasiya analizlərini artıq böyük şəhər miqyasında həyata keçirmək mümkündür. Burada ən vacib hədəf “Industry 4.0” konsepsiyasını tam həyata keçirmək, istehsal proseslərini mümkün qədər avtomatlaşdırmaq imkanına yiyələnməkdir. 3D data istehsal xəttinin, avtomatik əlamət aşkarlama və tanıma vasitələrinin, süni intellektə əsaslanan 3D ağıllı şəhər modellərinin işlənməsi gündəmdədir.
Sonda məruzə ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.