ELM VƏ TƏHSİL
Əlyazmalar İnstitutunda 20 Yanvarla bağlı rəqəmsal baza hazırlanıb
![Əlyazmalar İnstitutunda 20 Yanvarla bağlı rəqəmsal baza hazırlanıb](/files/2020/1/1200x630/1579612232915625549_1200x630.jpg)
Bakı, 21 yanvar, AZƏRTAC
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Kitabxana və elmi informasiya şöbəsi tərəfindən “Xalqımızın azadlıq mübarizəsinin rəmzi - 20 Yanvar” adlı rəqəmsal baza hazırlanıb. İnstitutdan AZƏRTAC-a bildirilib ki, şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının fədakarlıqlarının geniş təbliği məqsədilə hazırlanmış rəqəmsal kitabxana layihəsi “20 Yanvar: qəhrəmanlıq salnaməsi” analitik-informasiya bazası, “Tarixin sınaq məqamı - 20 Yanvar” annotasiyalı elmi-biblioqrafik resursu və “Qürur və şərəf tariximiz” adlı virtual sərgidən ibarətdir.
“20 Yanvar: qəhrəmanlıq salnaməsi” bazası elektron informasiya axtarış sistemi kimi formalaşdırılıb. Buraya Azərbaycan və bir çox əcnəbi dildə nəşr olunmuş 217 adda sənəd-informasiya resursunun (kitab, kataloq, fotoalbom, elektron nəşr və s.) annotasiyalı biblioqrafik təsviri daxil edilib. Bazada, həmçinin 69 adda müxtəlif kitab, jurnal və qəzetdə çap edilmiş məqalə öz əksini tapıb. Analitik-informasiya bazası institutun oxu zalında istifadəyə verilib.
“Tarixin sınaq məqamı - 20 Yanvar” annotasiyalı biblioqrafik resursa Qanlı Yanvar qurbanlarının əziz xatirəsinə həsr olunmuş mənbələr daxil edilib. Biblioqrafik resursda materiallar dillər üzrə, müəllif və sərlövhələrin əlifba sırası ilə xronoloji ardıcıllıqla tərtib olunub. Bu resursda ümumilikdə Azərbaycan və xarici dillərdə çap edilmiş 286 adda mənbənin annotasiyalı biblioqrafik təsviri yer alıb.
“Qürur və şərəf tariximiz” adlı virtual sərgidə rəsmi sənədlər, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, qərarlar, müraciətlər, bəyanatlar, Azərbaycan və digər dillərdə nəşrlər, fotoqalereya və videoqalereya daxil edilib.