Əminə Məlikova: Azərbaycan xalçası xalqımızın əsrlər boyu topladığı müdrikliyi özündə əks etdirir
Bakı, 26 oktyabr, AZƏRTAC
Azərbaycan xalçasını yalnız interyerin bir hissəsi və ya məişət əşyası kimi deyil, xalqın əsrlər boyu topladığı müdrikliyi özündə birləşdirən fəlsəfə kimi dərk etmək lazımdır. Bu irsin fəlsəfəsini Qərb oxucularına çatdırmaq “Xalçalarda xoşbəxtlik. Xalçanın sizi xoşbəxt edə bilməsinin 10 səbəbi” kitabının əsas məqsədlərindən biridir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində təqdimatı keçirilən kitabın müəllifi Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova deyib.
O bildirib ki, muzey sahəsində təxminən 30 illik fəaliyyəti ona Azərbaycan xalçasının mahiyyətini daha dərindən anlamağa imkan verib. Müəllifin sözlərinə görə, xalça muzeyində çalışmağa başladıqdan sonra onun yalnız gözəllik və istilik bəxş edən əşya olmadığını, daha dərin məna daşıdığını anlayıb.
“Azərbaycan xalçası bir dəryadır və mən çox istədim ki, kitab ingilis dilində çap olunsun”, - deyə Ə.Məlikova qeyd edib.
Kitabda xoşbəxtliklə əlaqələndirilən 10 səbəb arasında sevgi, gözəllik və xatirə xüsusi yer tutur. Müəllifin fikrincə, heç bir gözəl xalça sevgisiz toxuna bilməz. Azərbaycanın müxtəlif bölgələrinin rəng çalarları və iqlim xüsusiyyətləri də xalçaçılıq sənətinin rəngarəngliyində özünü göstərir.
Ə.Məlikova xalçaların nəsillər arasında yaddaş daşıyıcısı rolunu oynadığını da vurğulayıb. O, Azərbaycan dilində işlənən “Xalçanı harada saldın, oldu yurdun” ifadəsini xatırladaraq xalçanın məkanla insan arasında bağlılıq yaratdığını bildirib.
Muzeyin nəşriyyat fəaliyyətinə toxunan direktor qeyd edib ki, bu il xalçaşünas-alim və muzeyin banisi Lətif Kərimovun 120 illik yubileyi qeyd olunur. Yubiley çərçivəsində maarifləndirici tədbirlər keçirilir. Gələn il isə Azərbaycan Milli Xalça Muzeyinin 60 illik yubileyi ilə əlaqədar bu sahədə yeni nəşrlərin hazırlanması nəzərdə tutulur.