Əmmanda İordaniya-Azərbaycan diplomatik münasibətlərinin 30 illiyinə həsr olunmuş konfrans keçirilib
Bakı, 13 mart, AZƏRTAC
Əmmanda İordaniya və Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş konfrans keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirin təşkilatçısı qismində İordaniya Elm və Mədəniyyət Cəmiyyəti və Azərbaycanın bu ölkədəki səfirliyi çıxış ediblər. İordaniya və Azərbaycanın diplomatları, ictimai-siyasi xadimləri, parlament üzvləri və tədqiqatçı alimlərinin iştirak etdikləri tədbirdə iki dost ölkə arasında əlaqələrin tarixindən, Azərbaycan Prezidenti İlham Əliyev və İordaniya Kralı II Abdullanın dostluq münasibətləri sayəsində bu gün sürətlə inkişaf edən əməkdaşlıqdan bəhs edilib.
Azərbaycanın İordaniyadakı səfiri Eldar Səlimov bildirib ki, İordaniya İƏT və digər beynəlxalq təşkilatlarda həmişə ölkəmizin ədalətli mövqeyini dəstəkləyib. O, 44 günlük Vətən müharibəsində qazınılmış Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri haqqında ətraflı məlumat verib, iordaniyalı siyasətçi və media nümayəndələrinin Qarabağa səfərlərinin təşkil olunduğunu qeyd edib. Səfir diqqətə çatdırıb ki, son illər iki dost ölkə arasında iqtisadi, mədəni əməkdaşlığın genişlənməsi fonunda müxtəlif səviyyələrdə qarşılıqlı səfərlər həyata keçirilib, yeni birgə layihələrin reallaşdırılmasına dair razılıq əldə olunub. Səfir diqqətə çatdırıb ki, turizm sektorunda da əlaqələr sürətlə inkişaf edir, cari ildə Azərbaycana səyahət edəcək iordaniyalı turistlərin sayı artacaq.
İordaniya Elm və Mədəniyyət Cəmiyyətinin sədri Samir Əl-Habaşneh iki ölkə arasında diplomatik münasibətlərin 30 illiyi ilə bağlı fikirlərini bölüşüb. O qeyd edib ki, son illər Azərbaycan beynəlxalq miqyasda nüfuzlu ölkəyə çevrilib və Qoşulmama Hərəkatı kimi mötəbər, çoxsaylı ölkəni birləşdirən təşkilata uğurla rəhbərlik edir. Natiq əlavə edib ki, İordaniya-Azərbaycan əlaqələrinin inkişafının geniş potensialı var və rəhbərlik etdiyi Cəmiyyət elm və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində azərbaycanlı həmkarları ilə birgə proqramların həyata keçirilməsini nəzərdə tutur.
Konfransda çıxış edən tarixçi alim, Azərbaycan və Mərkəzi Asiya üzrə tədqiqatçı Ömər Əl-Armuti Qarabağ haqqında yazdığı kitablar, Azərbaycana səfərləri və azərbaycanlı alimlərlə görüşləri barədə məlumat verib. O diqqətə çatdırıb ki, “Qarabağ münaqişəsi və beynəlxalq hüquq” adlı kitabı Azərbaycan dilinə tərcümə olunub, həmçinin orijinal nüsxələri İordaniyada və digər ərəb ölkələrində yayılıb. Əl-Armuti bildirib ki, Azərbaycanı dostları və azərbaycanlı ərəbşünaslar İordaniya mətbuatında da silsilə məqalələr dərc etdirib, beynəlxalq konfranslar təşkil ediblər.
Konfransda çıxış edən alimlər və ictimai-siyasi xadimlər İordaniya-Azərbaycan əlaqələrinin tarixi və buğunu haqqında məruzələr təqdim ediblər.