ƏN ÇOX VERGİ ÖDƏYƏN TÜSİAB ÜZVLƏRİ MÜKAFATLANDIRILMIŞDIR
Ənənə halını alan və bu il ikinci dəfə keçirilən tədbir Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səslənməsi ilə başlanmışdır. Sonra TÜSİAB-ın fəaliyyətinə dair film nümayiş etdirilmişdir.
Çıxışına ulu öndər Heydər Əliyevin Azərbaycan-Türkiyə münasibətləri haqqında dediyi “Bir millət, iki dövlət” kəlamı ilə başlayan TÜSİAB-ın idarə heyətinin sədri Bataçar Baysal dinamik inkişaf edən Azərbaycanın regionda, eləcə də dünyada nüfuzunun günbəgün artdığını diqqətə çatdırmışdır.
Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov türk sahibkarlarının Azərbaycanda gördükləri işlərdən, onların ölkələrimiz arasında iqtisadi münasibətlərin inkişafına töhfələrindən danışmışdır. O, ölkəmizdə xarici sərmayədarlar, o cümlədən türk iş adamları üçün əlverişli şərait yaradıldığını, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi siyasi kurs sayəsində respublikamızın sürətlə inkişaf etdiyini vurğulamışdır.
Vergilər nazirinin müavini Natiq Qasımov, Türkiyənin ölkəmizdəki səfiri Turan Moralı, İstanbul Ticarət Palatası idarə heyətinin üzvü Şaban Dişli TÜSİAB-ın ölkələrimiz arasında əlaqələrin inkişafındakı xidmətlərini yüksək qiymətləndirmişlər.
Xatırladılmışdır ki, indiyədək türk iş adamları ölkəmizə 2 milyard ABŞ dollarından artıq sərmayə qoymuş, bunun nəticəsində yaradılmış iş yerlərində 50 mindən çox Azərbaycan vətəndaşı işlə təmin olunmuşdur.
Dövlət və özəl qurumları nümayəndələrinin iştirak etdiyi tədbirdə dövlət büdcəsinə ən çox vergi ödəmiş 28 türk şirkətinə xatirə hədiyyəsi təqdim olunmuşdur.