ENERGETİKLƏR GÜNÜ QEYD OLUNMUŞDUR
Energetiklər əvvəlcə Fəxri xiyabanda ümummilli liderimiz Heydər Əliyevin və görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad etmiş, məzarları önünə əklillər qoymuş, tər çiçəklər düzmüşlər.
Tədbir iştirakçıları sonra Şəhidlər xiyabanına getmiş, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmancasına canlarından keçmiş oğullarımızın ölməz ruhu qarşısında baş əymiş, məzarları üzərinə tər qərənfillər düzmüşlər.
Tədbir ASC-nin iclas salonunda davam etmişdir. “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevin giriş sözündən sonra Baş nazirin birinci müavini Yaqub Eyyubov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə, Sənaye və Energetika nazirinin müavini Gülməmməd Cavadov, elektrik stansiyaları və elektrotexnika sənayesi işçiləri həmkarlar ittifaqı respublika komitəsinin sədri Rafiq İldarov və başqaları çıxış etmişlər. Giriş sözündə və çıxışlarda ümummilli liderimiz Heydər Əliyevin iqtisadi siyasəti nəticəsində Azərbaycanın sürətli inkişaf yoluna çıxması, bu strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, bütün nailiyyətlərlə paralel olaraq, milli elektroenergetiklərimizin də son dövrlərdə böyük uğurlar qazandığı qeyd olunmuşdur. Natiqlər bildirmişlər ki, hazırda ölkəmiz iqtisadi potensialına görə, nəinki təkcə Cənubi Qafqazda, eləcə də MDB olkələri arasında lirerlərdən biri olmuşdur. Dünya dövlətləri Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində yüksək tərəqqiyə nail olmuş, iqtisadi cəhətdən gündən-günə qüdrətlənən Azərbaycanla tərəfdaşlığa daim can atırlar.
Yığıncaqda qeyd olunmuşdur ki, ulu öndərimiz Heydər Əliyev ölkə energetikasının inkişafına daim qayğı göstərir, bu sahədə həyata keçirilən islahatları nəzarətdə saxlayırdı. Bu qayğı indi də davam etdirilir. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə təsis olunmuş Energetiklər günü artıq üçüncü dəfədir ki, qeyd edilir. Peşə bayramı ərəfəsində ölkə energetiklərinin bir qrupunun dövlət təltiflərinə layiq görülməsi bu qayğının parlaq təcəssümüdür.
Natiqlər ölkədə elektroenergetikanın inkişaf perspektivlərindən və yeni elektrik enerjisi obyektlərinin tikintisindən də danışmışlar. Qeyd olunmuşdur ki, respublikamızda beş bölgədə modul tipli müasir elektrik stansiyaları inşa olunur. Onlardan ikisi artıq istifadəyə verilmiş, qalanları isə ilin sonunadək ölkənin enerji sisteminə qoşulacaqdır. Çıxışlarda son üç ildə energetika sistemində həyata keçirilən islahatlar, daha müasir texnika və texnologiyaların tətbiqi, yenidənqurma işlərinin geniş vüsət alması, elektrikötürücü xətlərin təzələnməsi barədə məlumatlar da səslənmişdir.
Baş nazirin birinci müavini Yaqub Eyyubov ölkəmizin Prezidenti İlham Əliyevin təbrikini yığıncaq iştirakçılarına çatdırmış, orden və medalları, fəxri adların vəsiqələrini sahiblərinə təqdim etmişdir.
Yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.