ENERJİ BORCLARI QAYTARILIR
Qış mövsümündə ölkəmizin enerji sistemində gərgin vəziyyət yarananda enerji mübadiləsində Rusiya və İran xüsusi rol oynayırlar. Blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasına (MR) elektrik enerjisi verən Türkiyə ilə, habelə Gürcüstanla da bu sahədə əlaqələr qənaətbəxşdir.
Bu dövlətlər arasında enerji mübadiləsi zamanı uçot-hesabat işləri son dərəcə dəqiqliklə aparılır, yaranmış borclar ya pul və ya elektrik enerjisi ilə qaytarılır.
Hələ ötən əsrin 90-cı illərində yaranmış borcun qaytarılması üçün Gürcüstanla danışıqlar davam etdirilir. Gürcüstan tərəfi cari ilin yanvarında “Kavkasioni” elektrikötürücü xəttində baş vermiş ciddi qəza ilə əlaqədar Azərbaycandan aldığı enerji borcunu tam ödəmişdir. Qonşu ölkə köhnədən qalan borcunu da yaxın vaxtlarda, elektrik enerjisi şəklində, qaytarmağa başlayacağını bildirmişdir.
Ötən əsrin sonlarında yaranmış mürəkkəb şəraitdə Türkiyə tərəfindən Naxçıvana verilən elektrik enerjisi borcunun bir neçə il ərzində ödənməsi məsələsi də gündəmdədir. Muxtar Respublikaya qaz çəkilişi başa çatandan sonra, burada yeni elektrik stansiyaları tikiləcək və borcun elektrik enerjisi ilə qaytarılması mümkün olacaqdır.