ERMƏNİLƏRİN VƏHŞİLİYİNİN VƏ SAXTAKARLIĞININ İFŞASINA HƏSR OLUNMUŞ KİTAB
“Azərbaycan” nəşriyyatı tarix elmləri doktoru, professor Sabir Əsədovun “Revanşizmin fəlsəfəsi və ya erməni qaniçiciliyi” kitabını rus dilində çapdan buraxmışdır. Qərbi Azərbaycanın tarixi coğrafiyası, erməni terrorizminin, millətcilik xəstəliyinə tutulmuş erməni tarixçilərinin saxtakarlığının ifşası sahəsində ardıcıl və səmərəli tədqiqatlar aparan müəllifin bu kitabı da təqdirəlayiqdir.
Əsər dörd fəsil, nəticə və biblioqrafiyadan ibarətdir. “XX əsrin dəhşətli faciəsi” adlanan birinci fəsildə ermənilərin azərbaycanlılara qarşı soyqırımını ifşa edən tarixi sənədlərdən, 1905-ci ilin qanlı hadisələrindən, habelə ermənilərin tarixi faktları necə saxtalaşdırmalarından ətraflı bəhs olunur.
Sonrakı fəsil Ermənistan tarixi və tarixşünaslığından bəhs edir. Erməni tarixçilərinin uydurmalarını ifşa edən bu fəsildə maraqlı konkret faktlar toplanmışdır. Maraqlıdır ki, müəllif öz fikirlərini əsaslandırmaq üçün tarixi gerçəkliyə daha obyektiv yanaşan erməni tədqiqatçılarının əsərlərinə istinad edir. Bu baxımdan Ermənistan tarixinin “atası” sayılan Moisey Xorenlinin əsəri barədə bəzi erməni tarixçilərinin, habelə əcnəbi tədqiqatçıların fikirləri diqqəti cəlb edir.
“Ağ yalan” və “İnformasiya müharibəsi” adlanan sonrakı fəsillərdə Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağı, Naxçıvanı öz adlarına çıxan daşnak xislətli müasir erməni tarixçilərin uydurmaları tutarlı dəlillərlə təkzib olunur, ermənilərin bu yolda hər cür yollara əl atmasına dair konkret faktlar gətirilir.
Kitabda Azərbaycanın XVIII əsr tarixinə dair rəngli xəritə, erməni faşistlərinin Qarabağda törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər də verilmişdir.