Ermənistan hakimiyyəti daxilindəki siyasi proseslərin istiqamətini sərhəddəki təxribata yönəltmək istəyir
Bakı, 9 sentyabr, AZƏRTAС
Ermənistanda gedən siyasi proseslər öz daxili auditoriyasının istiqamətini dəyişmək, diqqətini başqa istiqamətə cəlb etmək məqsədi daşıyır. Bu ölkənin hakimiyyəti Azərbaycana qarşı düşmən obrazını öz xalqına yenidən xatırladır. Bununla da sanki onu öz arxasında birliyini təmin etmək istəyir. Hesab edirəm ki, hazırda Azərbaycan üçün təhlükəsizlik iki mərhələlidir - Qarabağdakı terrorçu qüvvələr zərərsizləşdirilməli və sərhədlərimizin delimitasiya və demarkasiya prosesi zamanı digər antiterror əməliyyatları icra olunmalıdır.
Bunu AZƏRTAC-a açıqlamasında hərbi analitik, “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri Alparslan İmamqulu deyib.
Hərbi ekspert söyləyib ki, “Hazırda biz daxildəki məsələlərlə məşğul olarkən, bəzi xarici qüvvələr diqqətimizi sanki sərhəddən kənar əməliyyatlara sövq etmək istəyirlər. Ermənistanın silahlanmasına isə Rusiya sülhməramlıları da dəstək olur. Bundan başqa, bölgədə Hindistan və İran da Cənubi Qafqazda Ermənistanı silahlandırmaqda dəstək olur.
Azərbaycan bu gün Pakistanla müttəfiq dövlətdir. İran da birmənalı olaraq Azərbaycanın güclənməsini istəmir. Dolayısı ilə Ermənistan Rusiyanı, İranı, Hindistanı və Fransanı öz mənafeyi naminə istifadə edir. Bölgədə digər ölkələrin də maraqları mövcuddur”.