ERMƏNİSTAN MÜNAQİŞƏNİN HƏLLİNDƏ KONSTRUKTİV MÖVQE TUTMALIDIR
Həmsədrlərlə Bakıda keçirilən görüşlərin vacib və faydalı olduğunu diqqətə çatdıran nazir müavini, danışıqlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki hazırkı vəziyyətin və gələcək addımların müzakirə edildiyini bildirmişdir.
O demişdir ki, həmsədrlər gələn il yanvarın sonunda və ya fevralın əvvəllərində Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün keçirilməsini təklif etmişlər. Onun sözlərinə görə, Azərbaycan hazırda bu görüşün keçirilməsini ciddi surətdə nəzərdən keçirir. Azərbaycan tərəfi hesab edir ki, prezidentlərin görüşü üçün ciddi əsaslar olmalıdır. A.Əzimov prezidentlərin görüşündən əvvəl hazırlıq məqsədi ilə xarici işlər nazirlərinin görüşünün keçirilməsini istisna etməmişdir.
2006-cı ildə böyük gözləntilər olduğunu diqqətə çarpdıran A.Əzimov münaqişənin həlli üçün qarşı tərəfin konstruktiv mövqe göstərməsinin vacibliyini qeyd etmişdir.
Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakı məsələsinə aydınlıq gətirən nazir müavini vurğulamışdır ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Hazırda orada qondarma rejim yaradılmış və Dağlıq Qarabağda, eləcə də işğal olunmuş ətraf rayonlarda etnik təmizləmə aparılmışdır. Orada yaşayan erməni mənşəli əhali Azərbaycan vətəndaşlarıdır. Azərbaycan öz vətəndaşları ilə dialoqdan heç vaxt imtina etməmişdir. Lakin razılığa əsasən, hazırda danışıqlar Azərbaycan və Ermənistan arasında aparılır. Münaqişənin həlli istiqamətində ölkəmiz beynəlxalq hüquq normaları və prinsiplərinə söykənir. Dağlıq Qarabağın gələcək statusu Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq prinsipləri çərçivəsində, demokratik əsaslarla Dağlıq Qarabağın erməni və azərbaycanlı əhalisi tərəfindən birgə müəyyənləşdirilməlidir. Bu məsələdə başqa variantlar qəbul edilə bilməz.