Ermənistan törətdiyi cinayətlərə görə cavab verməli, cəzalandırılmalıdır – ŞƏRH
Bakı, 28 oktyabr, AZƏRTAC
İkinci Qarabağ müharibəsinin gedişində Ermənistan bir çox beynəlxalq cinayətlər - təcavüz, soyqırımı, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər törədib. Bu sırada münaqişə zonasından kənarda yerləşən Bərdəyə düşmən silahlı qüvvələrinin qanlı hücumları xüsusi yer tutur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nizami Səfərov söyləyib.
O qeyd edib ki, Bərdə şəhərinin 2020-ci il oktyabrın 5-də, 8-də, 27-də, 28-də və noyabrın 7-də raket və ağır artilleriya ilə bombalanması nəticəsində 8-i qadın, 19-u kişi, 2-si uşaq olmaqla, 29 nəfər şəxs qəsdən öldürülüb, 26-sı qadın, 71-i kişi, 15-i uşaq olmaqla 112 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə, yaşayış evlərinə və digər tikililərə külli miqdarda ziyan dəyib. Mülki əhaliyə və mülki infrastruktura silahlı hücumlar beynəlxalq hüquqda müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər kimi tövsif edilir və bununla da Ermənistan 1993-cü il iyunun 6-da ratifikasiya etdiyi 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyaları, onların 1977-ci il 8 iyun tarixli I saylı Əlavə Protokolunu açıq-aşkar formada pozur. Məlum olduğu kimi, “Beynəlxalq silahlı münaqişələrin qurbanlarının müdafiəsinə dair” I saylı Əlavə Protokolun 51-ci maddəsinin 2-ci hissəsinə əsasən, mülki əhali və ayrı-ayrı mülki şəxslər hücum obyekti ola bilməz. Həmin protokol mülki əhalinin və ayrı-ayrı mülki şəxslərin hücum obyektinə çevrilməsini qadağan edir və bu cür əməllər müharibə cinayəti kimi qiymətləndirilir.
“Ermənistanın da iştirakçısı olduğu Beynəlxalq Cinayət Məhkəməsi Nizamnaməsinin 8-ci maddəsinə əsasən, “beynəlxalq silahlı münaqişələr hüququnun normalarını pozaraq hədsiz xəsarətlər yetirən, lüzumsuz iztirablara səbəb olan və ya mahiyyətinə görə hədəf seçməyən silahların, döyüş sursatlarının, avadanlıqların və ya müharibə üsullarından istifadə” edilməsi fərdi beynəlxalq cinayət məsuliyyətinə səbəb olur. Günahkarlar bütün bu cinayətlərə görə mütləq cavab verməli, cəzalandırılmalıdırlar”, - deyə deputat əlavə edib.