ERMƏNİSTANIN QEYRİ-KONSTRUKTİV MÖVQEYİ MÜNAQİŞƏNİN HƏLLİNƏ İMKAN VERMİR
Dövlət başçısının sözlərinə görə, Azərbaycanın 10 ildən artıqdır danışıqlar prosesinə sadiqliyi onun konstruktivliyini sübut edir. Torpaqlarımızın işğal altında olmasına və Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın, köçkün vəziyyətinə düşməsinə baxmayaraq, biz sülh prosesinin imkanlarından axıra qədər istifadə etməyə çalışırıq.
Prezident daha sonra demişdir: Biz beynəlxalq təşkilatların səylərini, qərarlarını, o cümlədən ATƏT-in Minsk qrupunun fəaliyyətini yüksək qiymətləndiririk. Həqiqətən, onlar razılaşma əldə edilməsinə çalışırlar. Ancaq Ermənistanın qeyri-konstruktiv mövqeyi, bütün beynəlxalq hüquq normalarına məhəl qoymaması münaqişənin həllinə nail olmağa imkan vermir. Belə olan halda, Azərbaycan öz siyasətinə müəyyən düzəlişlər etməlidir. Bizim səbrimiz tükənməz deyildir.