ERNESTO İNARKİEV: “BAKI MƏNİ ÖZ FÜSUNKARLIĞI İLƏ VALEH ETDİ”
Bu sözləri Bakıda keçirilən FİDE-nin Qran-Pri turnirinin iştirakçısı, rusiyalı beynəlxalq qrossmeyster Ernesto İnarkiev AZƏRTAC-ın müxbirinə müsahibəsində demişdir.
-Bakı ilə bağlı təəssüratlarınızı bilmək maraqlı olardı...
-Azərbaycanın paytaxtına ilk gəlişimdir. Şəhəriniz barədə çox eşitmişdim. Açığı, Bakı məni öz füsunkarlığı ilə valeh etdi. Təəssüratlarım böyükdür. Burada olduğum müddətdə dənizkənarı bulvarda gəzmiş, İçərişəhərlə tanış olmuşam. Bir sözlə, Bakıdan vətənə böyük təəssüratlarla qayıdacağam.
-Turnirdə iştirak edən Azərbaycan şahmatçılarının səviyyəsi barədə nə deyə bilərsiniz?
-Birmənalı deyə bilərəm ki, Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov
dünya səviyyəli oyunçulardır. Onların dünya və Avropa birinciliklərində göstərdikləri yüksək nəticələr bunu təsdiqləyir. Vüqar Həşimov da artıq özünü beynəlxalq miqyasda təsdiqləyib. Şahmatçılarınız komanda yarışlarında da böyük uğurlar qazanmışlar.
-Hər bir şahmatçının turnirqabağı maksimum və minimum proqramı olur. Siz yarışda hansı nəticəyə ümid edirsiniz?
-Öz məqsədim barədə əvvəldən bir söz demək istəməzdim.Yəni qarşımda konkret vəzifə qoymamışam. Onu deyə bilərəm ki, şahmat taktikamı dəyişmək fikrində deyiləm. Bildiyiniz kimi, turnirin tərkibi çox güclü olduğundan, kimin qalib gələcəyi ilə bağlı əvvəlcədən fikir yürütmək çətindir.
Ernesto İnarkiyev Azərbaycanda şahmatın inkişafının şahidi olduğunu bildirmişdir. Onun sözlərinə görə, “bu sahəyə dövlət səviyyəsində xüsusi qayğı göstərilir. Bundan əlavə, Bakıda şahmat şəhərciyi yaratmaq təklifi də irəli sürülüb. FİDE rəhbərliyi bu layihəyə dəstək vermək niyyətindədir. Bütün bunlar ölkənizdə şahmatın inkişafının bariz nümunəsidir”.