ERRA rəhbəri: Azərbaycan qazının Avropa bazarlarına çıxarılması qarşımızda duran mühüm vəzifələrdəndir
Azərbaycan kimi böyük təbii qaz ehtiyatlarına malik ölkələrin Avropa bazarlarına çıxışının təmin olunması qarşımızda duran mühüm vəzifələrdəndir.
AZƏRTAC xəbər verir ki, bunu Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) rəhbəri Alparslan Bayraktar jurnalistlərə müsahibəsində deyib. A.Bayraktar qeyd edib ki, Azərbaycan, Səudiyyə Ərəbistanı, Rusiya, ABŞ kimi böyük enerji ehtiyatlarına malik ölkələrlə yanaşı, Gürcüstan, Türkiyə və Avropa ölkələri kimi enerji resursları olmayan dövlətlər də var. Hazırda biz bu ölkələrin enerji problemlərini və qarşılıqlı əməkdaşlığın gücləndirilməsini müzakirə edirik.
ERRA rəhbəri vurğulayıb ki, qonşu ölkələr, xüsusilə də Azərbaycan, Gürcüstan və Türkiyə arasında münasibətlərin yüksək səviyyədə inkişafı da müzakirə olunan məsələlər arasında yer alır. Bu ölkələrin əməkdaşlığı yalnız təbii qaz və neftlə deyil, regional enerji bazarının təmin edilməsi ilə bağlıdır.
“Son dövrlərdə bərpa olunan enerji sahəsində də yeni proseslərin baş verdiyini görürük. Gürcüstanda alternativ enerji istehsalı üçün geniş su ehtiyatları var. Bu resurslardan əldə olunan enerjinin Azərbaycan və Türkiyə kimi qonşu ölkələrə nəql edilməsi və bununla bağlı bazarın yaradılması çox vacibdir”- deyə A.Bayraktar vurğulayıb.