ƏSİR VƏ İTKİN DÜŞMÜŞ, GİROV GÖTÜRÜLMÜŞ VƏTƏNDAŞLARLA ƏLAQƏDAR DÖVLƏT KOMİSSİYASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR
Komissiya üzvləri itkin düşənlərin axtarışı, əsir və girovların azad edilməsi üzrə Beynəlxalq İşçi Qrupunun bu il iyunun əvvəllərində Yerevana və Xankəndinə səfərləri zamanı həqiqətə uyğun olmayan, ermənipərəst bəyanatlarına da münasibət bildirmişlər. Qeyd edilmişdir ki, ermənilər tərəfindən əsir və girov götürülmüş, lakin sonrakı taleyi naməlum qalan vətəndaşlarımız barədə sübut və dəlillərin bilavasitə şahidlərdən alınmasına, faktların bir hissəsinin həmin qrupun regiona səfərləri zamanı təsdiqlənməsinə baxmayaraq, onların uydurma olmasını iddia etmək beynəlxalq statusa malik qrupun məqsəd və məramlarına, bitərəflik mövqeyinə ziddir.
İclas iştirakçıları, eyni zamanda, həmin beynəlxalq qrupun üzvü – Azərbaycan vətəndaşı Əvəz Həsənovun Yerevandakı məlum bəyanatını pisləmişlər.
Dövlət Komissiyasının iclasında əsir və girov olmuş vətəndaşlarımıza qarşı ermənilər tərəfindən törədilmiş cinayətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyətin daha da gücləndirilməsi zərurəti qeyd edilmişdir.