“ETİMAD” SUMQAYIT YENİYETMƏLƏRİNİN PROBLEMLƏRİNİ HƏLL EDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, bir il əvvəl Sumqayıtda uşaq və yeniyetmələr üçün “Etimad telefonu” fəaliyyətə başlamışdır. Bu mühüm layihə Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin Bakı ofisinin köməyi ilə “Almaniya və Qafqaz şəhərləri arasında əməkdaşlıq” proqramı çərçivəsində həyata keçirilmişdir. Layihəni şəhər bələdiyyəsi, Gənclər, İdman və Turizm Baş İdarəsi, təhsil şöbəsi, rabitə qovşağı, habelə Sumqayıtla tərəfdaş şəhər olan Lüdviqshafenin meriyası və Almaniya Uşaqlara Yardım İttifaqı dəstəkləmişlər. Beləcə, ümumi səylər hesabına Azərbaycanda uşaqlar üçün ilk “etimad telefonu” təşkil olunmuşdur.
“Etimad”ın birinci ildönümünü qeyd etmək üçün toplaşanlar - Sumqayıt bələdiyyəsinin, şəhər icra hakimiyyətinin, ictimaiyyətin nümayəndələri, iş adamları uşaqların psixoloji vəziyyətinin sabitləşdirilməsinə, sosial münaqişələrin nizama salınmasına, uşaq və yeniyetmələrin həm öz yaşıdları, həm də yaşlılarla qarşılıqlı münasibətlərində yaranan psixoloji böhranların, gərginliyin aradan qaldırılmasına kömək edən xidmətin fəaliyyətinin əhəmiyyətindən danışmışlar.
Bildirilmişdir ki, bir il ərzində 917 anonim zəng qəbul edilmişdir. Zəng edənlər arasında qızlar çoxluq təşkil edir, 15-18 yaş dövrü isə ən “problemli dövr” hesab olunur. Qəbul edilən bütün zənglər təhlil olunur, lazım gəldikdə, psixoloji yardım üçün şəhərin mütəxəssisləri də işə cəlb edilirlər. Başlıcası budur ki, bizə etimad göstərirlər.
Plakatlar, divar qəzetləri, dostluq şarjları, statistik məlumatlar, bayram əhval-ruhiyyəsi tədbiri həm şən, həm də informasiya baxımından faydalı etmişdir. Mərasimdə lüqviqshafenli həmkarların təbrik teleqramları oxunmuşdur.