Evdə beyin stimulyasiyası depressiyanı təhlükəsiz şəkildə yüngülləşdirə bilər - TƏDQİQAT
Bakı, 24 oktyabr, AZƏRTAC
Son klinik sınaq nəticələrinə görə, ev şəraitində beyin stimulyasiyası müalicəsi ağır və orta dərəcəli depressiyanın effektiv və təhlükəsiz şəkildə yüngülləşdirilməsinə kömək edə bilər.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, tədqiqatın nəticələri qeyri-invaziv beyin stimulyasiyası ilə müalicə olunan xəstələrdə depressiyanın remissiyası və müalicəyə cavab reaksiyasının üç dəfə daha yüksək olduğunu göstərir.
Tədqiqatçılar bu innovativ müalicə üsulunun yaxın gələcəkdə depressiya kimi əhval pozğunluqlarından əziyyət çəkən xəstələr üçün ümidverici seçim ola biləcəyini bildiriblər.
Tədqiqatda depressiya diaqnozu qoyulmuş 174 nəfər iştirak edib. İştirakçılar təsadüfi seçimlə iki qrupa bölünüb və 10 həftə ərzində müalicə kursu alıblar. Bir qrup transkranial – bir başa cərəyan stimullaşdırması (tDCS) ilə müalicə olunub, digəri isə bu müalicəni qəbul etməyib. Stimulyasiya alan xəstələr ilkin üç həftədə beş dəfə 30 dəqiqəlik seans, sonrakı yeddi həftədə isə həftədə üç dəfə eyni uzunluqda seans keçiriblər. Transkranial bir başa cərəyan stimullaşdırılması baş dərisinə iki elektrod vasitəsilə 0,5-2 milliamper arası cərəyanın tətbiqi ilə həyata keçirilir.
Maraqlıdır ki, bu terapiya ev şəraitində öz-özünə tətbiq edilib. Tədqiqatın nəticələrinə əsasən, stimullaşdırma ilə müalicə alanların 45 faizi tamamilə sağalır, bu isə nəzarət qrupunun yalnız 22 faizində müşahidə olunub.