Fərid Qayıbov: İdmanın təbliğində media mühüm rol oynayır
Bakı, 4 mart, AZƏRTAC
İdmanın təbliğində media mühüm rol oynayır. “İdman həftəsi” çərçivəsində ilk görüşümüz də elə idman mediasının nümayəndələri ilə oldu.
AZƏRTAC xəbər verir ki, bu fikirlər gənclər və idman naziri Fərid Qayıbovun fevral ayı ilə bağlı qurumun rəsmi saytındakı qeydində yer alıb.
Nazir bildirib ki, maraqlı fikir mübadiləsi və yeni ideyalarla zəngin olan görüşdə 30-dan çox idman jurnalist dinlənildi və bu sahənin çətinlikləri, eləcə də çıxış yolları birlikdə müzakirə edildi.
“Ötən ay daha bir təlim idman jurnalistlərimiz üçün təşkil edildi. İdmanın təbliği baxımından medianın inkişafı da mühüm əhəmiyyətə malikdir. Ötən il iki beynəlxalq treninqlə bu sahədə çalışanların beynəlxalq təcrübəni öyrənmələrinə dəstək olmağa çalışdıq. Bu günlərdə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə birlikdə beynəlxalq media eksperti Martin Mazurun iştirakı ilə treninq təşkil etdik. Dörd gün davam edən təlimə 50-dən çox jurnalist və mətbuat xidməti əməkdaşı cəlb edildi”, - deyə F.Qayıbov əlavə edib.
Nazir vurğulayıb ki, fevralda bir sıra sahələrdə mütəxəssislərin öz təcrübələrini məşğələ və seminarlarda bölüşdüyünü xatırladıb: “Suya tullanma üzrə Avropa çempionatının gümüş mükafatçısı, Rusiyanın gənclərdən ibarət yığma komandasının məşqçisi Mixail Mayorovun Bakı Su İdmanı Sarayında məşğələlər keçməsi bu idman növünün inkişafında faydalı olub. Bakıda, həmçinin idman federasiyalarının məşqçi və həkimləri üçün seminar da təlim-tədris işlərinin davamı sayıla bilər. Belaruslu təcrübəli mütəxəssis Nikolay Kruçinskinin iştirakı ilə keçirilən seminarın mövzusunu Yay Olimpiya və Paralimpiya Oyunlarına hazırlıq dövründə tibbi təminat əhatə edib”.