FHN: “Binə” Ticarət Mərkəzində baş vermiş yanğın qısa müddətdə söndürülüb VİDEO
Bakı, 4 aprel, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki “Binə” Ticarət Mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Havanın güclü küləkli olması yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də yanğınsöndürənlərin operativ müdaxiləsi və peşəkarlığı sayəsində ticarət mərkəzində baş vermiş yanğın geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 250 kvadratmetr olan anbarın içərisinə yığılmış parça materialları 50 kvadratmetr sahədə və bitişik yerləşən, sahəsi 250 kvadratmetr olan anbarın içərisinə yığılmış parça materialları 10 kvadratmetr sahədə yanıb.
Anbarlar, içərisində olan digər parça materialları və obyektlər yanğından mühafizə edilib.