FHN-in karate komandası dünya çempionatında uğurla çıxış edib
Bakı, 21 sentyabr, AZƏRTAC
Çexiya Respublikasının Pardubitse şəhərində Dünya Şotokan Karate Federasiyasının təşkilatçılığı ilə karate üzrə keçirilən 12-ci dünya çempionatında Azərbaycan milli komandasının və Fövqəladə Hallar Nazirliyinin (FHN) idman-sağlamlıq klubunun üzvləri Astan Qasımov, Elnur Əliyev, Ülvi Məmmədov və Xəyal Məmmədov kişilər arasında şəxsi kumite və komanda kumite yarışlarında iştirak edərək yüksək nailiyyətlər qazanıblar.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 45 ölkədən 800 idmançının mübarizə apardığı turnirdə 18-21 yaş kateqoriyası üzrə gənclər arasında Astan Qasımov (+84 kq), böyüklər arasında 21 yaşdan yuxarı kateqoriyada isə Ülvi Məmmədov (+84 kq) şəxsi kumite yarışlarında bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar.
Komandanın digər üzvü - 21 yaşdan yuxarı böyüklər arasında şəxsi kumite yarışlarında Elnur Əliyev (+75 kq) yarışın bürünc medalına layiq görülüb. Bundan əlavə, komanda kumite yarışlarında karateçilərimiz Ülvi Məmmədov, Elnur Əliyev yarışın gümüş, Xəyal Məmmədov isə bürünc medalının sahibi olublar.
Karateçilərin ilk məşqçisi, Əməkdar məşqçi və 6-cı dan qara kəmər sahibi Rafael Məmmədov, hazırki şəxsi məşqçisi isə Əməkdar idman ustası, Əməkdar məşqçi, ikiqat dünya çempionu, 8-ci dan qara kəmər sahibi, FHN-in idman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayevdir.
Füzuli Musayev ənənəvi olaraq keçirilən məşq prosesi zamanı dünya çempionatında uğur qazanmış karateçilərlə görüşərək onları təbrik edib və növbəti yarışlarda uğurlar arzulayıb.