FHN: Qaradağ ərazisində silah-sursat aşkarlanıb
Bakı, 21 fevral, AZƏRTAC
Ötən gün Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində silah-sursat aşkar edilməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilən silah-sursatın döyüş tətbiqinə yararlı 2 ədəd F1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 932 ədəd 7.62x39 millimetrlik mərmi, 142 ədəd 5.45x39 millimetrlik mərmi, 100 ədəd 9x18 millimetrlik mərmi, 1 ədəd fişəngatan tapança və 1 ədəd İJ markalı qundağı kəsilmiş tüfəng olduğu müəyyən edilib.
Silah-sursatlar Xidmətin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.