FHN tərəfindən şəhid övladları üçün “Açıq qapı” günü keçirilib
Bakı, 16 mart, AZƏRTAC
Martın 16-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzində Vətən müharibəsi şəhidlərinin övladları üçün “Açıq qapı” günü keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, FHN işçilərinin Həmkarlar İttifaqının dəstəyi, nazirliyin İctimaiyyətlə əlaqə idarəsi və Sumqayıt Regional Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəhid ailələrinin üzvləri, nazirliyin Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov, FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəisi Vüsal Ağayev, İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini polkovnik Məhbubə Mustafayeva, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Fəzail Hüseynov, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarının, o cümlədən hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət bayrağı meydana gətirilib, Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Açıq qapı” günündə uşaqlara nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasediciləri və Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri tərəfindən yanğınsöndürmə və xilasetmə texnikası, avadanlıqları təqdim olunub, uşaqların sualları cavablandırılıb. Xilasedicilərin nümunəvi təlimi isə uşaqlarda böyük marağa səbəb olub.
Sonra FHN-in psixoloqları uşaqlarla fərdi söhbətlər aparıb, maraqlı psixoloji oyunlar keçiriblər.
Sonda uşaqlara hədiyyələr təqdim olunub.
Qeyd edək ki, FHN uşaq təhlükəsizliyini daim diqqət mərkəzində saxlayır və uşaqların fövqəladə hallar zamanı davranış qaydaları barədə maarifləndirilməsi məqsədilə mütəmadi olaraq tədbirlər, yarış və müsabiqələr keçirir, maarifləndirici sosial videoçarxlar hazırlayaraq media vasitəsilə yayır.